İsveç məhkəməsi Assange-nin şikayətini rədd edib

Julian Assange

İsveçin ali məhkəməsi WikiLeaks portalının banisi Julian Assange-nin şikayətini rədd edib.

43 yaşlı Assange deportasiyadan qaçmaq üçün 2012-ci ilin iyunundan Londondakı Ekvator səfirliyinə sığınıb.

Şikayət seksual zorakılıqla bağlı ona qarşı irəli sürülmüş ittihamla bağlıdır.

Aşağı instansiya məhkəməsi ötən ilin noyabrında onun şikayətini təmin etməmişdi və şikayət də bundan idi.

İsveç məhkəməsi iki qadının şikayətinə əsasən onun həbsinə order verib.

Assange səfirliyin ərazisindən çıxsa onu həbs təhlükəsi gözləyir.

O İsveçə getməkdən imtina edir və hesab edir ki, belə halda Birləşmiş Ştatlara təhvil veriləcək.

ABŞ hakimiyyəti onu 2010-cu ildə WikiLeaks saytında Əfqanıstan və İraqdakı müharibələr, habelə diplomatik danışıqlar barədə məxfi məlumatlar yaymaqda günahlandırır.