«Şəki ipəyini sevən» Fransa siyasətçisini korrupsiyada ittiham edirlər

Rachida Dati

-

Fransanın ilk müsəlman qadın naziri dövlət vəsaiti ilə özü üçün dəbdəbəli geyimlər almaqda ittiham edilir.

«Hər dəfə sizin ölkəyə səfər edəndə, mən yeni bir Azərbaycan kəşf edir və sizin gözəl ənənələrinizlə tanış oluram».

AZƏRTAC-ın bu xəbərindən belə başa düşmək olar ki, Fransanın keçmiş ədliyyə naziri Rachida Dati Azərbaycana səfər edib. Bunu da başa düşmək olur ki, bu, onun heç də birinci səfəri deyil. Əslində burda elə bir təəccüblü iş yoxdur. Azərbaycana axır vaxtlar gələn «sabiqlər»in sayı «hazırkılar»ın sayını üstələyib.

MƏN VƏ BÜTÜN AVROPA

Daha sonra agentliyə kiçik müsahibəsində Dati deyib: «Avropa Parlamentinin üzvü kimi deyə bilərəm ki, mən və bütün Avropa Azərbaycanda Avropa Oyunlarının təşkil olunmasını dəstəkləyirik».

Bu müsahibədə ən maraqlı məqam isə keçmiş ədliyyə nazirinin Şəkiyə səfəridir.

«Hazırkı səfərim zamanı mən Şəki rayonuna baş çəkdim. Şəki Xan Sarayı çox xoşuma gəldi. Şəki bir şəhərdir ki, «İpək yolu»nun üstündə yerləşir. Mənim şərfim də Şəki ipəyindəndir» – deyib Rachida Dati.

Amma Rachida Dati-nin şərf söhbətinin ötən həftə qalxmış 10 ABŞ konqresmenin qalmaqalı ilə əlaqəsi yoxdur. Keçmiş ədliyyə nazirinin Fransada öz «şərf problemi» var.

Ötən həftə Fransa və Avropa mətbuatı Dati-nin vəzifədə ikən korrupsiya ilə məşğul olduğu barədə məqalələrlə doludur.

«The Daily Telegraph» qəzeti yazır ki, Fransanın Dövlət Auditor Xidməti Rachida Dati-nin bahalı paltarlara və hədiyyələrə xərclədiyi pulları dövlət hesabına onun ayağından silməyəcəyini bildirib.

DOSTLARIN «HÜQUQ MƏSLƏHƏTİ»

Söhbət dəyəri 9 min avro olan lüks geyimlərdən, bəzək əşyalarından, içkilərdən və ən əsası… çox bahalı şərflərdən gedir.

Müxbir Henry Samuel yazır ki, audit xidməti həmçinin Ədliyyə Nazirliyinin Dati-nin tabeliyində olduğu vaxtlarda xərclədiyi 180 min avronu dövlət hesabına silməkdən imtina edir.

Sənədlərə görə, bu vəsaitin çoxu «hüquq məsləhəti» üçün o vaxtkı prezident Nicolas Sarkozy-nin dostlarından birinin firmasına ödənib.

«Paris Match» jurnalında «Dior» geyimlərini reklam edən lüks paltar həvəskarı xanım Dati iddia edir ki, nazirliyin pulları mötəbər xarici qonaqlara hədiyyələr alınması üçün xərclənib.

Lakin Fransanın «Le Point» siyasət jurnalının yazdığına görə, audit idarəsi sənədlərdə göstərilən bahalı əşyaların nazirliyinin işinə dəxili olmadığı qənaətindədir.

Parisin 7-ci dairəsinin meri Rachida Dati sözügedən lüks əşyaların onun şəxsi istifadəsi üçün alındığı barədə iddiaları qəzəblə rədd edir.

«HERMES» ŞƏRFLƏRI

Valideynləri əslən Şimali Afrikadan olan keçmiş nazir «iTele» kanalına bildirib ki, onu ərəb əsilli olduğuna görə qaralayıblar.

Rachida Dati-nin bahalı «Hermes» şərflərini sərlövhəyə çıxaran «The Guardian» yazır ki, keçmiş nazir bütün müsahiblərində «Mən oğru deyiləm» deyir.

Keçmiş nazir bildirib ki, Nicolas Sarkozy-nin müşavirləri onu müsəlman olduğuna görə xoşlamırlarmış və arxasınca «cücə oğrusu ərəb» deyirmişlər.

Mətbuat yazır ki, Fransanın ilk müsəlman qadın naziri 2009-cu ildə rəhbərlik üslubuna, bahalı geyimləri və eşq macəraları barədə qeybətlərə görə istefa verməli olub.

Fransa mediası diqqəti belə bir ziddiyyətə çəkir ki, qadın və müsəlman olduğuna görə gözümçıxdıya salındığını iddia edən xanım Dati Parisin meri olmağa hazırlaşır.