Azərbaycan fermerləri traktorları qiymətindən iki dəfə baha alır

Monsk Traktor Zavodu

-

Bu ilin I rübündə Minsk Traktor Zavodu Azərbaycana 272 təkərli traktor göndərib. Onlar zavod qiymətindən iki dəfə baha satılır.

Belarus Statistika Komitəsinin məlumatına görə, Azərbaycan $5 mln. 50.1 min məbləğində və ya 1 ədədi $18 min 567-dan texnika alıb. Bu ilin I rübündə Azərbaycan gömrüyündən 266 «Belarus» traktoru keçib. Onların biri $21 min 863-a sənədləşdirilib. «Aqrolizinq» ASC bu texnikanı fermerlərə 35 min 700 manata satıb.

Hökumətin qərarına əsasən, fermerlər texnikanı lizinqlə alanda qiymətinin 20 faizini beh kimi ödəməlidir. Texnikanın qiymətinin 40 faizini dövlət ödəyir və fermer bir neçə il ərzində «Aqrolizinq» ASC ilə hesablaşır.

2013-cü ildə Azərbaycan Belarusdan 1168 ($24 mln. 247.4 min),2014-cü ildə 1028 ($27 mln. 235.7 min) təkərli traktor alıb.

Belarusdan traktoru «Gəncə Avtomobil zavodu» alır. Traktorlar orda yığılır. Sonra Gəncə zavodu bu texnikanı fermerlərə lizinqə satmaq üçün «Aqrolizinq» ASC-yə verir. ​/ Turan /