Freedom House-dan məhkəmə çağırışı

Azərbaycanlı siyasi məhbuslar

Qurum Birləşmiş Ştatları və digər ölkələri səfirlərini, yaxud digər yüksək çinli əməkdaşlarını insan haqları müdafiəçilərinin məhkəmələrinə göndərməyə çağırıb

-

Freedom House hüquq-müdafiə təşkilatı Azərbaycanda siyasi məhbusların məhkəmə prosesləri ilə bağlı bəyanat yayıb.

Qurum Birləşmiş Ştatları və digər ölkələri səfirlərini, yaxud digər yüksək çinli əməkdaşlarını insan haqları müdafiəçilərinin məhkəmələrinə göndərməyə çağırıb.

Freedom House-un prezidenti Mark P. Lagon deyib:

“ABŞ səfiri Robert Cekuta və digər ölkələrin səfirləri bu siyasi motivli proseslərə qatılmaqla Azərbaycanın insan haqları müdafiəçilərinə dəstək mesajı vermiş olarlar. ABŞ hökuməti və digər hökumətləri bu məhkəmələri pisləməyə çağırırıq. Bu proseslər Azərbaycanda narazıları susdurmaq və hökumət korrupsiyasını gizlətmək üçün saxta, siyasi motivli səylərdir. Siyasi məhbuslara qarşı ittihamlar ləğv olunmalı, bütün siyasi məhbuslar dərhal azadlığa burxılmalıdır”.

İyulun 21-də hüquqşünas İntiqam Əliyev, insan haqları fəalı Rəsul Cəfərov və siyasi fəal Murad Ədilovun apelyasiya məhkəmələri keçirilib. İyulu n 24-də AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılın məhkəməsi başlanır. İyulun 27-də Leyla və Arif Yunuslar, iyulun 31-də isə Rəsul Cəfərovun məhkəməsi davam edəcək.

Hakimiyyət ölkədə siyasi məhbusların olmadığını, fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.