Türkiyə İŞİD-i vurur

İyulun 22-də iki tür polisi qətlə yetirilib

-

İyulun 24-də səhər Türkiyə qırıcıları Suriyada İslam Dövləti (İD, əvvəlki adı- İŞİD) silahlı qruplaşmasının 4 hədəfini sərhədi keçmədən vurub. Məlumatı Türkiyə rəsmiləri yayıb.

Suriyanın Havar kəndindəki hədəflərə zərbələr endirilib. Bu kənd Türkiyənin Kilis vilayəti ilə sərhəddə yerləşir.

Eyni zamanda 5 min antiterror polis əməkdaşı İstanbulda 100-dən çox şübhəli İD və kürd yaraqlılarının məkanlarına basqın edib. Gecə əməliyyatında vertolyotlar və xüsusi qüvvələrdən istifadə olunub.
Bir gün öncə Türkiyə Birləşmiş Ştatlara İD-ə qarşı hava zərbələri üçün İncirlik hava bazasından istifadəyə icazə verib. Elə həmin gün – iyulun 23-də İD-lə sərhəd atışmasında bir yaraqlı və bir türk əsgəri öldürülüb.

Həftənin əvvəlində Türkiyənin Suriya ilə sərhədində törədilmiş kamikadze hücumunda 32 nəfər həlak olub.

Türkiyə rəsmiləri həmin partlayışın ölkədə İD-lə bağlı əməliyyatların gücləndirilməsinə görə baş verməsindən narahatlığını bildirir. Rəsmilər son 6 ayda İD-lə işləməkdə şübhəli bilinən 500-dən çox adamın saxlandığını bəyan edib.