E.Məmmədyarov Minsk qrupundan narazıdır

Elmar Məmmədyarov

"Minsk Qrupundan o vaxt razı olardıq ki, Ermənistan ordusu işğal olunmuş ərazilərdən çıxarılsın"

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə əsasən Azərbaycanın sərhəd rayonlarında yaşayan əhalinin sudan məhrum edilməsi müzakirə edilib.

Nümayəndə heyətinə bu məsələ üzrə məruzəçi Militsa Markovic başçılıq edir.

Elmar Məmmədyarov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanlar Sərsəng su anbarından istifadə edə bilmir.

Nazir qeyd edib ki, Ermənistan tərəfi su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf əraziləri suyun altında qoyur, isti aylarda isə suyu kəsir.

Nümayəndə heyəti məsələ ilə bağlı hesabat hazırlamalıdır.