Rəhman Əlizadə. Dünyanın axırı

- D Ü N Y A N I N A X I R I

İŞTİRAK EDƏNLƏR

MOLLA

ULAQ

ƏZRAYIL

MƏLƏK

POLİS

QONAQ

DİLMANC

RƏİS

HƏKİM

İSRAFİL

RUHLAR

XORUZLAR

SATANLAR

DİLƏNÇİLƏR

GÖZƏLÇƏLƏR

DƏLİLƏR

ÖLÜLƏR

BİRİNCİ HİSSƏ

Bu dünyanın aylı – ulduzlu gecəsində Molla öz kasıb alaqaranlıq daxmasında ipək yorğanın altında mışıl – mışıl yatır. Gecənin əfsunu musiqiyə çevrilir. Mollanın Ulağı vəcdə gələrək başını pəncərədən içəri salıb oxuyur.

ULAQ /oxuyur/.

Sadədil bir qoduq vardı,

Kövrək – kövrək anqırardı:

“Böyüyüb at olacağam,

Hamını mat qoyacağam.

Qalxacağam şahə mən də

Səkəcəyəm göy çəməndə...

/Musiqi. Molla yerində qurcalanır/.

MOLLA. /öz – özünə/. Deyəsən evin içində kimsə oxuyur... Bəlkə qara basır məni... /o yan – bu yana boylanıb huş – guşla dinləyir./

ULAQ /oxuyur/.

Söyləyərdi heyran – heyran.

Böyüdü bir gün bu heyvan.

Baxıb gördü eşşək olub,

Qulaqları şək – şək olub,

Belində vardır bir palan

Miras qalıb əcdadından.

Baxdı, baxdı hey özünə

Kədər çökdü üz – gözünə

Yazıq – yazıq o anqırdı,

Anqırmağa haqqı vardı.

MOLLA. Kəs səsini, şoğərib! Ağnamağın, anqırmağın azmış kimi hələ bir xanəndəlik də eləyirsən?!

ULAQ. Neyləyim, ay Molla, bu aylı – ulduzlu gecənin əfsunu məsum, sadədil qoduqluğumu xatırlatdı mənə. Eh, qoduqluq, qoduqluq... Nə qədər təmiz idi qəlbim. Bu vəfasız, amansız dünyaya heyranlıqla, ümidlə baxardım... Qocaldıq, ay Molla, yanıldıq, ay Molla! Sən də qocaldın, mən də, sən də yanıldın, mən də. Mən elə bilirdim at olacağam, sən elə bilirdin mətəl – zad! Ey fani dünya... /Anqırıb başını pəncərədən çəkir./

MOLLA. Deyəsən dünyanın axırı çatıb! Eşşəklər ki, qəzəl oxuyub hakimanə sözlər deməyə başladılar, deməli məhşər günü yaxınlaşır. Eh, eşşək olanda nə olar, qırışmal çox həssas eşşəkdir; indiki zəmanədə çox az adam öz keçmişini xatırlayıb aqibətindən şikayətlənir. Adamlar elə gəzir, elə davranırlar ki, guya hərəsi bir allahdır! Əstəfullah...

/Musiqi. Mollanın qapısı açılır, “ruhlar” bir – bir daxmaya girirlər./

RUHLAR /oxuyurlar/.

Sağ qalanlar ölənləri

Yadlarına salmayanda

Ölənlər sağ qalanlardan

Paylarını almayanda,

Hər cümə axşamlarında

Diriləri yad etməkçün

Ruhlar açar qapıları

Özlərini şad etməkçün.

MOLLA. Bismillah!... Bismillah! /Ruhlar getmirlər, daxmada var – gəl edirlər./ Lənət şeytana! Allahu Əkbər! Deyəsən bu gecə mənimki bəd gətirib, əvvəlcə uzunqulağım xəriflədi, indi də ruhlar doluşublar daxmama. Deyəsən doğrudan da dünyanın axırı çatıb! /zikr edir/

Bismillah rəhman – rəhim! La ilahə illəllah... /ruhları qovmaq istəyir/

RUHLAR. Gecdir, Molla, gecdir bismillah deməyin...

I RUH. Son vaxtlar sən ölənlərinçün nə Quran oxutmusan, nə də yasin...

II RUH. Fəqir – füqaraya fitrə - zəkat da verməmisən...

III RUH. Eşitdiyimizə görə axır vaxtlar namazını da vaxtlı – vaxtında qılmırsan!

I RUH. Hələ üstəlik bu il oruc da tutmamısan!...

II RUH. Amma sən qorxma, biz özgəsi deyilik, sənin doğmalarının ruhlarıyıq.

MOLLA. Yaxşı, onda bu gün niyə doluşmusuz evimə, bu gün ki, cümə axşamı deyil, şənbədir.

III RUH. Cümə axşamı bir dövlətlinin evinə getmişdik, oxumuz daşa dəydi... Tutub əzişdirdilər bizi. Yaxşı ki, qazamata salmadılar...

MOLLA. Necə, qazamata? Bəyəm ruhları da tutub qazamata salırlar?

I RUH. Ay Molla, elə danışırsan guya bu zəmanənin adamı deyilsən.

II RUH. Bizim məmləkətdə nəinki ruhları, lazım gəlsə lap südəmər körpələri də tutub salarlar qazamata ki, düz əmmirsən.

MOLLA. Bunu doğru dedin.

I RUH /Mollanı qucaqlayır/. Oğlum! Mən sənin rəhmətlik dədənin ruhuyam! Mənim balam, deyəsən tanımadın məni. Yadındadır, oğlum, sən balaca olanda hər cümə günü şirni almaqçın sənə iki manat verərdim. Bir dəfə bir onluq verib dedim: - Bu pul dörd cümə gününün xərcliyidir. Pulu saxlamağı və qənaətlə xərcləməyi öyrən.

MOLLA. Yadımdadır, küçəyə çıxantək sənin nəsihətini unutdum, dərhal on manatlıq şirni alıb ötürdüm.

I RUH. Növbəti cümə günü bərk isti idi, qan – tər içində bazardan gəlib şikayətləndim: - Belə də isti olar? Özüm də mat qalmışdım ki, bu istidə beynim necə əriyib tökülməyib.

MOLLA. Yadımdadır, məqam olduğunu görüb dedim: - Görünür insanın beyni kağız onluqdan davamlıdır.

I RUH. Soruşdum: - Nə demək istəyirsən?

MOLLA. Əlüstü cavab verdim: - Sənin keçən həftə dörd cümə günü üçün verdiyin kağız onluq saqqız kimi bir göz qırpımında əridi.

I RUH. Elədir, mənim ağıllı, fərasətli oğlum! /Mollanı qucaqlayıb öpür/. Sən elə uşaqlıqdan hazırcavabdın, mənim əziz oğlum. /ağlamsınır/.

MOLLA. Ağlama, dədə, ağlama... Amma dədə, axı sən rəhmətə gedəndə saqqalın ağappaq idi, özün də çox arıq və zəifdin. Indi isə. Maşallah, lap dəyirman xoruzuna oxşayırsan, deyəsən o dünyada hər gün yeyib – içib keyf çəkirsən.

I RUH. Elədir mənim balam...

II RUH. Ah, mənim sevimli, mehriban şagirdim! Deyəsən öz müəllimini tanımadın.

MOLLA. Müəllimim?

II RUH. Hə də, müəllimin. Yadındadır, məktəbdə oxuyanda sən həmişə mənə dolaşıq suallar verərdin.

MOLLA. Siz də sualların çoxuna cavab verə bilməzdiniz.

II RUH. Axırda dözməyib bir dəfə sənə acıqlandım: Biliyinlə lovğalanma, uşaq vaxtı ağlı, fərasəti ilə seçilənlərin çoxusu böyüyəndə ağılsız və axmaq olurlar.

MOLLA. Elədir, mən də cavabında dedim: - Deməli siz də uşaq vaxtı ağıllı və fərasətli imişsiniz.

II RUH. Elədir, mənim ağıllı və hazırcavab şagirdim. / Mollanı qucaqlayıb öpür/.

III RUH. Gəl, mən də öpüm səni əziz ərim!...

MOLLA. Ərin?...

III RUH. Hə, ərim!... Deyəsən öz istəkli arvadını tanımadın. / Mollanı qucaqlayıb öpür/. Yazıq, zavallı ərim, bir Həsirsən, bir də Məmmədnəsir. Düz deyiblər əsil arvad evin dirəyidir. Deyəsən mən rəhmətə gedəndən sonra olan – olmaz nəyimiz var satıb xərcləmisən. Ilahi, evdə gözə dəyəsi qiymətli heç zad yoxdur.

I RUH /yorğanı götürür/. Qiymətli təkcə bu ipək yorğandır.

III RUH /yorğanı ondan alır./ Aman allah, həmən yorğandır, mənim gəlinlik yorğanım. /Yorğanı bağrına basıb qoxulayır/. Pərvədigara, bu yorğandan şanlı gecələrimizin qoxusu gəlir. /Yorğanı qapıya tərəf atır/. Siz gedin, məni sevimli ərimlə yalqız buraxın. Kim bilir bir də haçan gəldik bura. Yanıma gəl mənim əzizim. /Mollanı qucaqlayır./ / O biri “ruhlar” yorğanı götürüb gedirlər/. Niyə şübhəli – şübhəli baxirsan mənə, əzizim?...

MOLLA. Axı mənim arvadımın bir gözü kor, o birisi isə çəpdi... Özü də əntərin biriydi... Sənin isə... İlahi, ahu kimi gözlərin, ay kimi cəmalın var. Məlahətli, şirin ləhcən də adamın canını alır.

III RUH. Allah – taalanın hökmüylə əməli saleh arvadlar öləndən sonra cənnətə düşmək üçün gözəlləşirlər...

MOLLA. Kaş ölməzdən əvvəl belə gözəl olaydın, arvad, mən də xoş bir gün görəydim bu dünyada!... /“Ruhu” qucaqlamaq istəyir, “Ruh” onun qollarının arasından sivişib çıxır, musiqi./

III RUH /rəqs edərək oxuyur/.

Nar çiçəyi ləçək tökər, nar olar,

Bir gözəli öpüb – qucsan yar olar,

Günəş batar, ömrün, günün qaralar,

Bu dünyanın gözəlləri qarımaz.

/Musiqi/

MOLLA /vəcdə gəlib rəqs edərək/. Pərvədigara, bu yaşımda bu nə oyundur açırsan başıma! Od tutub yanıram, ilahi!...

III RUH /oxuyur/.

Hər bir görən – olanları görənməz,

Hər bir qalan – ölənləri görənməz,

Açanları, solanları görənməz

Ömürlərin xəzəlləri qarımaz.

MOLLA. Bu dünyanın gözəlləri qarımaz...

III RUH. Hələlik, Molla, hələlik... /getmək istəyir/.

MOLLA. Getmə!...

Həsrətinə qalmayıb, ey bivəfa, tabım mənim,

Çəkilibdir gecələr fələklərə xabım mənim!

Ilahi, bu nə möcüzədir, vəcdə gəlib bədahətən şer qoşuram!

III RUH. Dalısını da deyə bilsən deməli bu gecə sənə şairlik vergisi verildi /astadan otaqdan çıxır/.

MOLLA.

Ay cəmalın görməsəm ruhum münəvvər olmaz,

Gəl ki, zülmət gecədə azalsın əzabım mənim.

/daha da vəcdə gələrək/

Günaha çox batmışam dəhrdə, ey nazlı mələk,

Səni bağrıma basıb öpməkdir səvabım mənim.

/fəryadla/

Qoy öpüm mərmər sinəndən, dinə - imanə gəlim,

O qoşa möcüzədir mübarək mehrabım mənim!

/Uzunqulaq başını pəncərədən içəri salıb anqırır, Molla diksinir/

ULAQ. Molla, xeyir ola, əfğan edib mənimtək anqırırsan.

MOLLA. Bu gecə həqiqətən çox ecazkar və əfsunlu gecədir. Əvvəlcə eşşəyimə vergi verildi, sonra ruhlar daxmama doluşdular! /diz çöküb əllərini göyə qldırır/. Pərvədigara, sənin gücün və qüdrətin qarşısında hər şey acizdir! Sən demə insan öləndən sonra belə gözəlləşə bilərmiş! Sən demə ömründə bir misra şer yazmamış bəndənə bir anda şairlik vergisi verilərmi.!

Ya rəb, mədəd eylə dərdməndəm,

Bir çeşmü – çirağ sənəmə bəndəm.

Səcdəsinə can atır ürəyim,

Bütxanaya getməkdü diləyim!

/Hövlank qalxır/. Hanı?! Hanı?! Hanı məni dəli – divanə eləyən gözlər?! Hanı?! /daxmada cövlan edir/.

ULAQ. Kimi axtarırsan, ay Molla?!

MOLLA.

O məhliqanı, o pərüvəşi, o ahu gözlünü!

Dəli gözlərindən öpmək istədim,

Qorxdum, zəncirsiz qalaram ömrüm uzunu!

Necə dedim, ey mənim həssas, sənətsevər eşşəyim?

ULAQ. Deməyinə yaxşı dedin, amma ömrün uzunu zəncirsiz yox, deyəsən yorğansız qalacaqsan.

MOLLA. Yorğansız? Yorğanın mətləbə nə dəxli var?

ULAQ. Dəxli odur ki, səni Məcnun eləyən o məhliqa yorğanını oğurlayıb dostları ilə çıxdı aradan.

MOLLA. Necə, yorğanımı oğurladılar?

ULAQ. Bağışla, Molla, mən yaşda səndən kiçiyəm, özü də eşşək oğlu eşşəyəm, amma bununla belə ruhlarla oğruları hələlik ki, bir – birindən ayıra bilirəm.

MOLLA. Belə de... Deməli... Aydındır... Hər şey indi mənimçün aydındır.

ULAQ. Sizin müdrik atalarınız demişkən: it də getdi, ip də!

MOLLA /Həddindən ziyadə qüssəli/.

Pərvanə olmaq istədim,

Şamdanımı oğradılar.

Kamandar olmaq istədim,

Peykanımı oğradılar.

Müsəlman olmaq istədim,

Imanımı oğradılar.

Pəhləvan olmaq istədim,

Güləşmək üçün yar ilə

Lüt – üryan olmaq istədim,

Yorğanımı oğradılar...

ULAQ. Sağ ol, Molla, sağ ol! Yorğanın oğurlansa da, deyəsən bu gecə sənə həqiqətən şairlik vergisi verilib.

MOLLA. Yaxşı, ay eşşək toxumu eşşək, niyə anqırıb məni xəbərdar eləmədin ki, evə doluşanlar ruhlar deyil, oğrulardır?!

ULAQ. Molla, mən köpək deyiləm ki, hər qaraltıya hürəm, mən eşşəyəm, mənimki anqırmaqdır, o da xətrim istəyəndə.

Telefon zəngi. Molla dəstəyi götürür.

MOLLA. Bəli! Nə? Necə? /Ulağa/. Səni istəyirlər! /dəstəyi ulağa uzadır/. Deyəsən həqiqətən dünyanın axırı yaxınlaşır. Televiziyadandır...

ULAQ /dəstəyi alır/. Bəli? Bəli! Oldu! Ayıb deyil... “Rasputin” sənin eşşəyin! Mollanın canı sağ olsun! Sağol! /Dəstəyi Mollaya verir/. Kamil müəllimdir, sənin dostun, haqqımda veriliş hazırlamaq istəyir.

MOLLA /ayaqqabılarını geyinərək/. Hə, doğrudan da dünyanın axırı çatıb.

ULAQ. Molla, hara getməyə hazırlaşırsan?

MOLLA. Qəbristanlığa!

ULAQ. Ora niyə?

MOLLA. Oğrular hara getsələr, gec – tez dolanıb ora gələcəklər, elədə mən də onları yaxalayıb yorğanımı alaram!

Qapıya tərəf getmək istəyir, qapı açılır, Əzrayıl daxil olur.

ƏZRAYIL. Bihudə yerə özünə əziyyət vermə, Molla! Allahdan buyuruq var, mən indi elə edəcəyəm ki, qohum - əqrəbə, tanış – biliş gəlib ədəblə, cah – calalla, əninlər, novhələr oxuya – oxuya aparacaqlar səni ora.

MOLLA. Axı sən kimsən?

ƏZRAYIL. Tanımadın? /oxuyur/.

Məlum deyil cinsiyyətim, millətim

Əzrayılam, can almaqdır sənətim.

Fərq qoymuram nə qocaya, nə gəncə,

Mən salıram ürəklərə vicvicə.

Əl çəkmərəm cəngimdəki ölüncə

Məlum deyil cinsiyyətim, millətim

Əzrayılam, can almaqdır sənətim.

Qapıdan qovsalar gəlləm bacadan,

Hərcmərc ömrü mənəm sahmanlayan,

Yeganə gerçəyəm, deyiləm yalan

Hər kəsə bəllidir gücüm, qüvvətim

Əzrayılam, can almaqdır sənətim.

Indi tanıdın məni?!

MOLLA. Deməli, sən Əzrayılsan?!

ƏZRAYIL. Yoxsa buna şəkk – şübhən var?

MOLLA. Var?! Əlbəttə var! Hərgah eşşəyim xərifləyib oxumasaydı, ruhlar evimə doluşub yorğanımı oğurlamasaydılar bəlkə də sənin Əzrayıl olmağına inanardım. Deyəsən bu gün dünyanın bütün fırıldaqçıları, lotu – potuları məni barmaqlarına dolamaqçın dilbir olublar! Dayan, bu saat mən sənə can almağı, can verməyi, milliyəti, cinsiyyəti göstərərəm, məlum olar kimdir Əzrayıl, sən yoxsa mən!

/Molla kötək qapıb Əzrayıla hücum çəkir, Əzrayıl özünü müdafiə edir, sonra Əzrayıl bir – neçə fənd işlədib Mollanı arxası üstə yıxır və sinəsinə qonur./

Pərvədigara, bu nədir, başım gicəldi, gözlərim qaraldı, bədənim süstləşdi... Adə, qırışmal neyləyirsən?!

ƏZRAYIL. Neyləyəcəyəm, başlamışam canını almağa!!!

MOLLA. Ya Əzrayıl, ya Əzrayıl, əl saxla!

ƏZRAYIL. Hə, inandın ki, Əzrayılam?!

MOLLA. Inandım, qadam, inandım!

ƏZRAYIL. Indiki inandın, de görüm Allah – talanın buyruğuna boyun əyib öz xoşunla can verməyə hazırsan?

MOLLA. Allah – talaya da qurban olum, onun buyruğuna da, onun göndərdiyi cənab Əzrayıla da! Amma ya Əzrayıl, canımı almazdan öncə, möhlət ver iki kərəm dua edəm.

ƏZRAYIL /saatına baxır/. Yaxşı, iki dəqiqə vaxt verirəm sənə, tez dua et, gedəsi yerim çoxdur.

MOLLA. Allaha and iç ki, iki kərəm dua oxumayınca canımı almayacaqsan.

ƏZRAYIL. And olsun Allaha iki kərəm dua oxumayınca canın almayacağam.

MOLLA /ayağa qalxıb dua oxuyur/. Ey böyük və qadir Allah, sən keç bütün bəndələrinin günahından. Mənim yorğanımı çırpışdıran o ahu gözlüyə də rəhm elə! Mən əminəm ki, elə bir nazənin ehtiyac üzündən belə bir əmələ iqdam edib! O nazənin yorğanımı çalmaqla bahəm mənim qəlbimi də çalıb özüylə apardı! Ya Pərvədigara, sən böyük və qadirsən, elə et ki, mən zavallı o pəriçöhrəyə rast gələm və mənim yorğanım hər ikimizin aşiyanı olsun.

/durub qapıya tərəf gedir, Əzrayıl onun qarşısını kəsir/.

ƏZRAYIL. Hara? Tez ol ikinci kərə dua et, vaxtım yoxdur!

MOLLA. Ikinci kərə dua oxumağı təxirə salıram, yorğanımı tapmayınca ikinci kərə dua oxumayacağam!

ƏZRAYIL. Necə, deməli sən mənə fırıldaq gəlirsən? Bu saat canını alaram onda bilərsən!

MOLLA. Canımı ala bilməzsən, çünki allaha and içmisən!

ƏZRAYIL. Molla, gəl daşı tök ətəyindən, axı allah – taladan buyuruq var ki, canını alam!

MOLLA. Keçəl suya gedən deyil... /qapıya tərəf gedir/.

ƏZRAYIL /onu qucaqlayır/. Buraxmaram! Allah – taladan buyuruq var! Hərgah canını almasam allahın qəzəbinə düçar olaram! Molla səni and verirəm, kimi çox istəyirsən onun canına, ikinci kərə dua oxu alım canını! Vallah, billah, canını elə alacağam ki, ruhun da inciməyəcək! Bəlkə də ləzzət eləyəcək səninçün.

MOLLA. Can almaq belə ləzzətlidirsə onda elə öz canını al, adamların da canı qurtarsın sənin əlindən! /getmək istəyir/.

ƏZRAYIL /diz çökür/. Molla, qadan alım, başına dolanım, ayağının altında ölüm, rüsxət ver alım canını!

MOLLA. Əyə, özünü öldürsən də yorğanımı tapmayınca sənə can verən deyiləm! Anladın?

ƏZRAYIL. Anladım! Onda bir dəqiqə ayaq saxla... Başqa əlacım yoxdur. /telefona yaxınlaşır, dəstəyi qaldırıb nömrəni yığır/ Ya Pərvədigara!... Necə?! Oldu zəhrmar! Oldu! Oldu! /üzünü silir/. O da oldu! Necə? Elə bu dəqiqə?!...

Göy guruldayır. Otağın içində ildırım çaxır.

Bir mələk əlində fərman qapıdan girib Əzrayıla tərəf gəlir.

MƏLƏK. Tfu sənin üzünə! O biri üzünü də tut! Tfu o biri üzünə də! Bu allah – talanın əmri idi! Indi isə fərmanını oxuyuram. /oxuyur/. “Öz vəzifə borcunu yerinə yetirərkən başı soyuqluğa və səhlənkarlığa yol verdiyindən əmək kitabçasına yazılmaqla Əzrayıla ciddi töhmət edirəm. Əmr edirəm, Molla ikinci duasını oxumayınca onun canı toxunulmazdır!” /fərmanı Əzrayıla verir/. Al! /Əzrayıl fərmanı öpüb gözünün üstə qoyur. Mələk Əzrayıla yağlı bir qapaz və təpik vurur./

ƏZRAYIL. Daha bu təpik – qapaz nə üçündür?

MƏLƏK. Allah – taladan buyruq belədir! /qapıdan çıxır/.

ƏZRAYIL. Qurban olum allah – talanın özünə də, onun buyruğuna da! Amma, Molla, bu töhmət, bu təpik – qapaz sənə baha oturacaq! Get yorğanını axtarmağa, amma vaxt gələcək ayaqlarıma düşüb yalvaracaqsan ki, canını alım, səni bu dünyanın əzab - əziyyətindən qurtarım, amma almayacağam! Sən ki, məni allahın nəzərindən saldın, səni görüm, səni görüm həmişə zəlil və miskin olasan!

MOLLA. Yekə kişisən, qarğış tökmə! /Molla qollarını xoruz qanadı kimi açıb çırparaq bir neçə kərə banlayır./

ƏZRAYIL. Neyləyirsən, dəli olmusan?!

MOLLA. Dəli niyə oluram, bu gün işim çoxdur, banlayıram ki, sabah tez açılsın! /Bir neçə kərə banlayır/.

ULAQ /başını pəncərədən içəri salır/. Sabah açıldı?

MOLLA. Bəli, mənim vəfalı dostum.

Ulaq bir neçə ağız anqırır, onun anqırtısına xoruzlar hay verib banlayırlar.

MOLLA /oxuyur/.

Xoruzların banı

Çilədi qanı

Alaqaranlığa

Ağartdı danı.

XORUZLAR.

Adamlar oyanıb

Sabahı axtarırlar.

ULAQ.

Bəs sabah hanı?

MOLLA.

Xoruzlar da banladı,

Günəş də çıxdı,

Səhər də açıldı,

Sabahsa yoxdur!

XORUZLAR və ULAQ.

Axtarmayın sabahı,

Nəyinizə lazımdır?

Əgər ürəyinizdə məhəbbət,

Iliyinizdə nifrət yoxsa!...

BAZAR.

Qızğın alış – veriş gedir. Musiqi. Molla ulaqla gəlir.

I SATAN /oxuyur/.

Ay alanlar, alanlar,

Satırlar hər cür mallar,

Abır, qeyrət, etibar

Bu elin bazarında!

II SATAN.

Mənalı yaşamaqçın

Beş günlük həyatımı,

Satıram öz atamı

Bu elin bazarında.

III SATAN.

Alın, alın, tez olun!

Alıb cibinizə qoyun.

Satıram qayda – qanun

Bu elin bazarında.

IV SATAN.

Neyləyirsiz ənciri,

Şaftalını, üzümü,

Satıram öz – özümü

Bu elin bazarında.

SATANLAR. Satıram a! Satıram! Ay alan, gəl alginən!

ULAQ. Molla, çox qəribə satasatdır!

MOLLA. Eşşək olsan da doğru deyirsən. /satanlara/. Ay balam, bu nə satasatdır? /köşklərdəki əcayib şeyləri göstərir/ Əcayib mallardır! Bu vaxtacan bazarda belə əndərəbadi mallar görməmişəm.

І SATAN. Molla, deyəsən çoxdandır bazar – dükana yolun düşməyib. Bax, /qəribə bir şey çıxarıb Mollaya göstərir/ bu məşhur, çox məşhur bir şairin vicdanıdır, dünən gətirib qoyub dükana ki, satam, havayıdır, milli pulnan iki yüz manata, rublla iki minə, bir kilo ətin qiymətidir.

MOLLA /alıb o yan – bu yana çevirir/. Tanıdım kimin vicdanıdır. Çox nimdaşdır, yamaq – yamaqdır, əmoğlu. Allah bilir neçənci kərədir satır.

ІІ SATAN. Molla, ay Molla, bunu al, bunu! Al bax, əntiqə şeydir!

MOLLA /alıb iyləyir/. Bu nədir belə. Bir təhər qoxusu var.

ІІ SATAN. Bu çox istedadlı bir rejissorun ləyaqətidir. Tanımadın? Əşşi, həmişə televizorda da göstərirlər, müsibət tamaşalar hazırlayıb.

MOLLA. Tanıdım. Elə adlı- sanlı dramaturq yoxdur ki, bu ləyaqətin keçmiş sahibi onun şalvarını düymələməsin..

ІІІ SATAN. Molla, bunların satdıqları bir qoz! Gəl məndən haqq - ədalət al! Haqq - ədalət! Haqq - ədalət!

ULAQ /anqırır/. Ay Molla, heç gözə görünməyir onun satdığı haqq - ədalət!

MOLLA. Ay eşşək, bu dünyada haqq - ədalət o zaman gözə dəyər ki, adamlar bərabər olsunlar, əks təqdirdə toxların ciblərində olan haqq - ədaləti ac – yalavaclar həmişə çırpışdırmağa çalışacaqlar.

Polis maşının həyacanlı qıyı eşidilir. Çaxnaşma.

І SATAN. Adə, palundra! Çıxın aradan, dilənçilər gəlirlər.

Musiqi. Üç dilənçi rəqs edərək gəlirlər.

DİLƏNÇİLƏR /oxuyurlar/.

Verin, verin, tez olun,

Veriniz nəzir – niyaz!

Çevirin ciblərinizi,

Çox etməyin ərkinaz!

І DİLƏNÇİ.

Pul əl çirkidir, balam,

Əliniz təmiz olsun.

Allahın nəzərində

Xətriniz əziz olsun!

ІІ DİLƏNÇİ.

Hamımız dilənçiyik,

Hərə bir cür əl açır.

Dilənçilər yurdunda

Hərə bir cür alçalır.

DİLƏNÇİLƏR.

Verin, verin, tez olun,

Veriniz nəzir – niyaz!

Çevirin ciblərinizi

Çox etməyin ərkinaz.

ULAQ. Molla, deyəsən doğrudan da dünyanın axırıdır, bu dilənçilər yalvarıb – yaxarmaqdansa hərbə - zorba gəlirlər.

MOLLA. Aradan çıxmaq lazımdır, deyəsən qoluzorlu havadarları var. /aradan çıxmaq istəyir, dilənçilər onu əhatə edir/.

І DİLƏNÇİ. Molla, nə nəzir – niyazın varsa ver görək.

MOLLA. Vallah, nəzir – niyazım da yoxdur, verməyə də bir şeyim.

ІІ DİLƏNÇİ. Uzunçuluq eləmə, ver görək, işimiz tökülüb qalıb. Siftə səndən, bərəkət allahdan.

MOLLA. Vallah, bir şeyim yoxdur, təkcə gördüyünüz ulaqdır.

ІІІ DİLƏNÇİ. Eşşəyi saxla özünçün, lazımın olar. Cibində nəyin varsa tök bura görək.

MOLLA. Vallah heç nəyim yoxdur, billah heç nəyim yoxdur. Bircə yorğanım vardı onu da ruhlar oğurladılar.

І DİLƏNÇİ. Əşi, nağıl danışma bizimçün. Soyun!

MOLLA. Necə?! Soyunum?!

ULAQ. Hamamdır bura bəyəm, soyunsun?

DİLƏNÇİLƏR. Sən az danış, eşşək oğlu eşşək! /Mollaya/ Soyun görək!

MOLLA. Ay balam, belə də haqsızlıq olmaz, belə də həyasızlıq olmaz, bəyəm dünyanın axırıdır?

DİLƏNÇİLƏR. Molla, sən yatmısan fil qulağında, əlbəttə dünyanın axırıdır.

ULAQ /anqırır/. İ – A, İ – A!... İndiki dünyanın axırıdır, anqırım hamı xəbərdar olsun! İ – A, İ – A! Kömək edin! Ay haray, bizi soyundururlar!

DİLƏNÇİLƏR. Anqırma eşşəkoğlu, eşşək!

ULAQ /daha da ucadan anqırır/. Ay haray!!!

Polis fıştırıq çalaraq gəlir.

POLİS. Nə olub? Kimdir burda anqırıb asayişi pozan. /Mollaya/ Sən? /Dilənçilərə/ Yoxsa siz?!

ULAQ. Mən!

POLİS. Siz? Maraqlıdır. Onda zəhmət olmasa anqırınız yəqinlik hasil olsun.

/Ulaq anqırır/

POLİS. Aydındır. Yaxşı, niyə anqırırdınız? /dəftərçə çıxarır/

ULAQ, Bunlar bizi soyundurmaq istəyirdilər.

POLİS. Sizi? Aydındır. Eşşəyi soyundurmaq istəyirdilər. /dəftərçəsinə yazır/

DİLƏNÇİLƏR. Elə deyil. Biz...

POLİS. Aydındır. Siz dilənçisiniz, Molladan nəzir – niyaz istəyirdiniz.

MOLLA. Mən isə...

POLİS. Aydındır. Sizin isə bunlara verməyə bir qara qəpiyiniz yoxdur, üstəlik yorğanınızı da oğurlayıblar.

MOLLA. Siz hardan bilirsiz?

POLİS. Mən hər şeyi bilirəm.

DİLƏNÇİLƏR. Biz istədik...

POLİS. Aydındır. /Mollaya/ Ayıbdır, Molla, çox ayıbdır! Bu zavallıları əliboş qaytarmaq heç sizə yaraşarmı? Siz də bunlara mərhəmət göstərməsəniz, bəs bu qaragünlər, bu bədbəxtlər, bu binəvalar kimdən mədəd diləsinlər?

DİLƏNÇİLƏR. Elədir, cənab polis, elədir! /hönkürüb ağlayırlar/

POLİS. Ağlayın, ağlayın mənim zavallı yurddaşlarım, ağlayın, sizin bajınızı... Soyun, Molla soyun! /Dilənçilərə/ Heç ürəyinizi qısmayın, indi soyunacaq.

MOLLA. Axı, ay cənab polis, mən niyə soyunmalıyam, axı.

POLİS. Molla, gəl sən bizə əziyyət vermə, öz xoşunla soyun ver paltarlarını bu zavallılar da getsinlər kəsblərinin ardınca. Yoxsa... Srağa gün incəsənət muzeyindən on iki miniyatur oğurlayıblar, tarix muzeyindən daş dövründə yaşamış əcdadımızın alt çənəsini çırpışdırıblar, bütün teatrlarda maraqlı tamaşalar yoxa çıxıb... Elə etmə ki, bütün bunları baratqövlləşdirib sənin ayağına yazaq.

MOLLA. Aydındır... /soyunur/.

DİLƏNÇİLƏR. Sağ ol Molla, xeyriyyəçilik, rəhmdillik bizə babalardan miras qalıb.

MOLLA /paltarlarını dilənçilərə verir/. Bəs günün gündüz çağında adam soyundurmaq görəsən bizə kimdən miras qalıb?!

DİLƏNÇİLƏR. Bunu uzunqulağından soruş. Gedəyin, işimiz çoxdur. /gedirlər/.

POLİS. Molla, bax a, bir də cığallıq eləmə! /gedir/.

ULAQ. Hə...Molla, burda şair nə deyib?

MOLLA. Şair?... Şair burda belə deyib;

Oğraş Kolumb,

Çaşbaş olub,

Bəlkə də sərxoş olub,

Hindistan əvəzinə Amerikanı kəşf elədi!

Kaş Atlantik okeanı əvəzinə

Girib Xəzər dənizinə

Gəlib çıxaydı bura!

Kim bilir, bəlkə də çoxdan

Heç olmasa anqırmağı

Tərgitmişdik uzunqulaq balıqlara!

Polis maşınının həyacanlı qıyı eşidilir. Polis əlində dəyənək gəlir.

POLİS. Hazırlaşın, bazar əhli, bizim elin bazarına əziz – xələf qonaq gəlir.

Bazar əhli piştaxtaların arxasında peyda olur.

BAZAR ƏHLİ. Belə xoş gəlir, səfa gətirir!

ULAQ. Deməli, bütün yollar tıxac olacaq, ara qarışıb məzhəb itəcək! İ – A!

POLİS. Əziz – xələf qonağa layiq əntiq şeylərdən nəyiniz varsa çıxarın üzə, qoy qonaq görsün ki, bolluq, aləlvanlıq və firavanlıqdır!

BAZAR ƏHLİ. Nəyimiz varsa əziz – xələf qonağa qurbandır! Istər bu qonaq məqribdən olsun, istərsə məşriqdən, istər müsəlman olsun, istərsə xaçpərəst – təki əziz – xələf qonaq olsun!

Mallarını çıxarıb köşklərdən asırlar.

MOLLA /Ulağa/. Pərvədigara, bu işıqlı dünyaya göz açandan baxıb görmüşəm ki, qonaq gözləyə - gözləyə gözümüzün kökü saralıb.

Polis xəlvəti onlara yanaşıb qulaq asır.

ULAQ. Qonaq gözləmək bütün bir xalqda adətə çevrilib.

MOLLA. Elədir, ey mənim ağıllı uzunqulağım! Biz özümüz üçün yox, əziz – xələf qonaqlarçın yaşamışıq daima. Qonaq gözləyə - gözləyə özümüz öz yurdumuzda qonaq olub qalmışıq.

POLİS. Bura bax Molla, antiqonaq təbliğatına görə tutub apararam hər ikinizi polis şöbəsinə sillə - qapaz qonaqlığına!

BAZAR ƏHLİ. Ayıbdır, ay Molla, o eşşəkdir, sən ki, allaha şükür əməlli – başlı adamsan! Axı havaxtdan qonaq gözləmək, qonaq qarşılamaq pis adət olub?!

Qonaq sevənin süfrəsi boş olmaz!

Qonaqsız ev uğursuz olar!

Qonağın ruzusu özündən qabaq gələr!

Qonağa hörmət elə əgərçi kafər ola!

POLİS. Elədir, elədir, qonaqpərvər camahat, elədir!

Təntənəli musiqi. Bazar əhli rəngarəng bayraqlar çıxarıb Qonağı qarşılayırlar. Qonaq və Dilmanc qız gəlib bazarın ortasında dayanırlar. Musiqi bitir. Tam sakitlik.

QONAQ /ağzıyla iki kərəm ədəbsiz səs çıxarır/.

DİLMANC /tərcümə edir/. Mən vətəndaşı olduğum Haydıhuydu məmləkəti adından sizin qonaqpərvər elinizin qonaqsevər bazarının camahatını salamlamaqla özümü xoşbəxt sayıram!

HAMI. Urra! Urra!

QONAQ /ağzıyla bir kərəm ədəbsiz səs çıxarır/!

DİLMANC. Sizin cahcəlallı bazarınızdakı qiyamət mallar məni valeh edir!

QONAQ /ağzıyla üç kərəm ədəbsiz səs çıxarır/ !

DİLMANC. Mən çox istərdim ki, bu əntiqə şeylərdən vətənim Haydıhuyduya yadigar olaraq alıb aparım!

HAMI. Urra! Urra!

І SATAN. Bunu al, bunu! Bu böyük hökmdar ІІІ Əlimənsur ibn І Əlimənsur Muqalinskinin qaynanasının tumanbağısıdır!

ІІ SATAN. Yox, onu alma, bunu al, bunu! Bir bax, gör necə müsibət şeydir! Bu gənc, istedadlı, dahi şairəmiz Müstəsna Güləndam xanım Martinovanın nimtənəsidir!

IІІ SATAN. Qonaq qədeş, mən ölüm bunu al! Bu zəmanəmizin böyük filosofu, siyasi xadimi, tərpəniş, dirçəliş, yüksəliş, çevriliş, alış – veriş hərakatının banisi cənab Filankəsbəy Filankəsoğlu Filankəsovun aftafalarından biridir!

MOLLA /Ulağa/. Ruhumuzla ağlımızın da heç olmasa bircə aftafası olsaydı mənəviyyatımız indikitək ufunətli və murdar olmazdı.

ULAQ. Necə deyərlər, olmalıydı – olmadı!

SATANLAR:

  • Bunu al... bu daş dövründə yaşamış əcdadımızın altçənəsidir...

  • Bu aşıq Sadıq Elcanlının dəmkeşinin balabanıdır! /çalır/

  • Bu məşhur arxioloqumuz Yereşqalın son tapıntısıdır.

  • Bu Koroğlunun Qıratının nalıdır!

  • Bu...

  • Bu...

Satanların səsləri bir – birinə qarışır. Musiqi.

MOLLA / oxuyur/.

Ya rəb, bu nə satasatdır,

Ya rəb, bu nə satasatdır!

Hərə satır bacardığın,

Fərq qoymayır,

Bu halaldır,

Ya xeyratdır,

Bu yabıdır,

Ya Qıratdır,

Hamı satır, hamı satır,

Ya rəb, bu nə satasatdır?!

Musiqi bitir. Əlində ipək yorğan tutmuş Qonaq çox həyacanlı üç kərəm ağzıyla ədəbsiz səs çıxarır.

DİLMANC. Ilahi, nə gözəl yorğandır!

QONAQ /ağzıyla dörd kərəm ədəbsiz səs çıxarır/!

DİLMANC. Mən bunu alıram!

SATANLAR: Əşi, peşkeşdir sənə!

MOLLA. Necə yəni peşkeşdir?! Bu mənim yorğanımdır! /Qonaqdan yorğanı almaq istəyir/. Ver görüm yorğanımı, bayaqdan mən elə bunu axtarıram!

QONAQ /yorğanı verməyir, ağzıyla ədəbsiz səslər çıxarır/!

MOLLA /yorğanı dartışdırır/. Özünsən, atandır, əcdadındır! Ver görüm!

POLİS /Əlbəyaxa olmuş Mollayla Qonağı aralaşdırır/. Ayıbdır, molla, ayıbdır! Bizi biabır eləmə!

MOLLA. Bu mənim yorğanımdır, bu gecə evimdən oğurlayıblar!

ULAQ. Mən də şahidəm, yorğan Mollanındır!

POLİS. Ikiniz də kəsiniz səsinizi!

MOLLA. Necə yəni kəsin səsinizi?! Mən halal malımı istəyirəm. Nə haqla evimdən oğurlanmış yorğanımı peşkeş edirsiz itin birinə!

POLİS /Dilmanca/. Bunların heç birisini tərcümə etmə! Bildin, tərcümə etmə! Yoxsa bütün dünyada biabır olarıq!

QONAQ. Necə yəni tərcümə etmə! Mən hamısını başa düşdüm! Deməli bu yorğan oğurluq maldır! Deməli sizin ölkə oğrularla, dələduzlarla doludur!

POLİS. Əsla, əsla! Bizdə oğurluq eləyənin atasını dalına sarıyırıq!

HAMI. Elədir, elədir!

POLİS. Bu Molla ilə onun uzunqulağı təxribatçıdırlar! Bəli təxribatçıdırlar! Bunların məqsədi bizim əməksevər, sülhsevər, müdrik xalqımızı bütün dünyada hörmətdən salmaqdır. Millət və xalq düşmənləri!

SATANLAR: Bəli, məhz millət və xalq düşmənləri! Cənab polis, Mollanı və onun eşşəyini xalq düşmənitək həbs edin!

ULAQ. Bəs demokratiya, pürrealizm?! İ – A! İ – A!

POLİS. Anqırma, eşşək oğlu, eşşək! Bağlayın hər ikisinin də əl – qolunu! Göstərərik sizə demokratiya ilə pürrealizmi!

Mollayla Ulağın qollarını bağlayırlar.

ULAQ. Əzbərlədiyiniz “Azadlıq və müstəqillik” sizə başqa tövürdə azad və müstəqil kölə olmaqçın lazımdır! A – a! İ – A!

Ulağın anqırtısı musiqiyə çevrilir.

MOLLA. Ilahi, təki onun gözlərini, ilıq, mehriban yay gecələritək əfsunlu gözlərini görsəydim bütün ağrılarım, sızıltılarım canımdan çıxardı...

ULAQ. Döz Molla, dözginən! Bütün cəfakeşlər dözümlü olurlar. Kişi ol...

MOLLA /oxuyur/.

Kişilik, cəsarət,

mərdlik, mətanət...

Çıxıb Eyfel qülləsinə

çığırıb bağırımmı,

Adamları, adamları

öldürməyə çağırımmı?

Atılıb okeanın göbəyinə

köpək balıqlarını

cırıb dağıdımmı?

Və yaxud qısılıb ləyaqətimə

Eyfel qülləsinin hündürlüyünə,

Adamların heyvərəliyinə,

Köpək balıqlarının həyasızlığına

Dözümmü, gülümmü, ağlayımmı mən?!

Musiqi. Səhnə qaranlıqlaşır. Musiqi davam edir. Qonaq irəli çıxıb geyimini və maskasını çıxarır, o – Əzrayıldır.

ƏZRAYIL. Bu harasıdır?! Ağlamalı günün hələ qabaqdadır, Molla!...

İşıq sönür.

İKİNCİ HİSSƏ

Polis şöbəsində rəisin kabineti. Rəis və üç gözəlçə rəqs edib oxuyurlar.

RƏİS.

Istər ictimai yerdə,

Istərsə ev – eşiyində

Durmalısan sən daima

Vətən oğlu, vətən qızı

Qanunların keşiyində.

GÖZƏLÇƏLƏR.

Durmalıyıq biz daima

Qanunların keşiyində.

RƏİS.

Qanun birdir hamı üçün;

Arvadın da, kişinin də,

Lap itin də, pişiyin də

Borcu budur, möhkəm dura

Qanunların keşiyində.

GÖZƏLÇƏLƏR.

Durmalıyıq biz daima

Qanunların keşiyində.

RƏİS.

Küsüşəndə, barışanda,

Rəqibinlə yarışanda

Lap sevişib öpüşəndə

Durmalısan sən daima

Qanunların keşiyində.

GÖZƏLÇƏLƏR.

Borcumuzdur, möhkəm duraq

Qanunların keşiyində.

RƏİS /qalstukunu bağlayıb pencəyini geyinir/. Hə, gözəllərim, fasilə bitdi, haydı, siz də iş başına, mən də! Iş də xirtdəyəcəndir! /onları bir – bir öpür/ Hə, indi üçünüz də dal qapıdan basın bayıra!

І GÖZƏLÇƏ /І ci səhnədəki “ІІІ RUHDUR”/. Haqqımızı ver, dünən də verməmisən! Öz aramızdır müftəxor olub getmisən!

RƏİS. Haqq – hesaba vursam siz mənə borclu çıxarsız! Düz bir aydır sizin kiçik müəssisə dolyamı verməyib! Batabatdır, basın bayıra!

І GÖZƏLÇƏ. Yaxşı, bazar açma! Mən cəhənnəmə, qızların ənlik – girşan pulunu ver!

RƏİS. Zəlidən pissən, yapışdın buraxan deyilsən! Al! /pul verir/. Bu şərtlə, bazar günü bunlardan savayı ikisini də - bax a, bunlardan pis olmasınlar – gətir bağa. Pal – paltarınıza, şəlpə - şülpənizə fikir verin, məclis elitarnı olacaq!

GÖZƏLÇƏLƏR. Onda behmizi ver! Behmizi ver! Behmizi ver! Tətil! Tətil! Ar olsun! Ar olsun!

RƏİS. Bəsdirin, ayıbdır! Ayıbdır! Məndən sizə vəsiyyət, nə peşədə çalışırsan çalış. Amma abırlı – həyalı ol! /telefon zəngi/ Hə, iş başlandı, bağda haqq – hesab edərik, basın bayıra! /Qızları arxa qapıdan bayıra salıb qapını açarlayır, keçib dəstəyi götürür/ Bəli? Bəli... Ayıbdır ə, ayıbdır! Əşşi, sən bu həngamədə, bu batabatda gör nəyin dərdini çəkirsən! Aləm dəyib bir – birinə, bilmək olmur sabaha sağ – salamat çıxacağıq ya yox, sən də başlamısan ki, dilənçilər aləmi bürüyüblər! Ə, bu yazıqlar bir yolla dolanmalıdırlar, ya yox?! Sən dilənmə, mən dilənməyim, bəs kim dolandırsın bu qədər camaatı?! Bir də axı, qardaş, bu dilənçi kimdir?! Əyə, ay qağa, özümüzünküdür də! Elə belə eləyirik ki, qabağa getmirik də! Necə? Onlar dilənməsə sən gedib dilənəcəksən, mən dilənəcəyəm?! Qoy bir yolla başlarını saxlayırlar da! Vallah ayıbdır, bu mərəkədə gör kimlərlə prinsip aparırsan! Necə? Lap ağ elədin a! Ə, elə bilirsən o zavallıların işləri asandır? Hünərin var bir gecə onların əvəzinə çalış! Adamın atası yanır! Bir də axı, kimdir onlar, öz qızlarımızdır da, öz ana – bajılarımızdır da! Ayıbdır, vallah ayıbdır! /dəstəyi yerinə qoyur/ Əclaf! Öyrəniblər boşboğazlığa!

Polis gəlir.

POLİS. Cənab rəis, asayişi pozanlar var! Gətirim?

RƏİS. Indiki pozublar gətir!

POLİS. Amma bir məsələ var, asayişi pozanlardan biri eşşəkdir!

RƏİS. Başa düşmədim, məcazi mənada, yoxsa sözün həqiqi mənasında.

POLİS. Anlamadım, cənab rəis!

RƏİS. Demək istəyirəm, xasiyyətcə, mənaviyyatca eşşəkdir, yoxsa bioloji cəhətdən eşşəkdir?!

POLİS. Yenə də anlamadım, cənab rəis.

RƏİS. Ay eşşək!

POLİS. Bəli!

RƏİS. Demək istəyirəm, sənin kimi eşşəkdir, yoxsa əməlli – başlı, anadangəlmə eşşəkdir?!

POLİS. Anadangəlmə eşşəyə oxşayır, cənab rəis! Amma danışır!

RƏİS. Necə? Danışır?!

POLİS. Bəli, danışır! Özü də demokratiyadan, qayda – qanundan pürrealizmdən dəm vurur!

RƏİS. Necə?! Onda hər ikisini gətir!

POLİS. Oldu / çıxır/.

RƏİS. Gör dünya nə günə qalıb ki, eşşəklər də qayda – qanun, demokratiya tələb edirlər. Deyəsən dünyanın axırı çatıb!

Polis, Molla və Ulaq gəlirlər.

ULAQ. Asayişin, qayda – qanunun alnıaçıq – üzüağ keşikçisi polis rəisi cənablarına atəşin i – a!!!

RƏİS. Afərin! Səd – afərin! Halal olsun! Molla, bu nə görkəmdir, bu nə təhər – tövürdür!

MOLLA. Sənin polisin dilənçilərlə əlbir olub soyundurublar məni.

RƏİS /Polisə/. Doğru deyir?

POLİS. Əsla, cənab rəis. Dilənçilər Molladan sədəqə, nəzir – niyaz istədilər, onun cibində qara qəpiyi yoxdı, belə olan surətdə yazıq, zavallı dilənçilər təvəqqe etdilər Molla paltarlarını sədəqə əvəzinə onlara versin. Cənab rəis, mən sadəcə olaraq bu humanitar yardımın alınıb verilməsinin iştirakçısı olmuşam.

RƏİS. Bu başqa məsələ. Deməli burda heç bir soyğunçuluq faktı yoxdur!

POLİS. Əsla, cənab rəis!

RƏİS. Yaxşı, onda niyə tutub gətirmisən bunları?

POLİS. Cənab rəis, Molla və onun uzunqulağı anti – qonaq təbliğatı aparıb dövlət əleyhinə təxribatla məşğul idilər!

RƏİS. Belə de! Deməli, Molla, sən də qoşuldun siyasətə?! Yaxşı, hansı partiyaya mənsubsunuz? Qorxmayın, açıq söyləyin! “Milli istiqal”, “Gedən uğrunda”, “Qozqurd”, “Yeni badımcan”, “Musa və at”, yoxsa “Yeni musa və at” bəlkə hər hansı bir gizli təşkilatın üzvüsüz?! Hın?!

MOLLA. Əşi, ay rəis, nə siyasət, nə partiya, nə təşkilat?! Əvvəlcə mənim yorğanımı oğurlayıblar!

ULAQ. Doğru deyir!

RƏİS. Sən sus!

MOLLA. Çıxmışam yorğanımı axtarmağa, məni əməlli – başlı soyundurublar, budur alt tuman – köynəkdə durmuşam hüzurunuzda, sizdən həq - ədalət diləyirəm!

RƏİS. Belə de! Niyə, axı niyə məhz sənin yorğanını oğurlayıblar, niyə məhz səni soyundurublar bu boyda məmləkətdə?! Niyə?! Niyə bu eşşəyi soyundurmayıblar, /polisi gətirir/ niyə o biri eşşəyin yorğanını aparmayıblar, niyə məni polis rəisini çalıb – çapmayıblar?! Ə, axı sən kimsən, özünü nə sayırsan?! Ə, sənin şikayətindən belə bir məntiqi nəticəyə gəlmək olar ki, bizim müstəqil, suveren, demokratik, insan hüquqlarına yüz faiz əməl edən bir məmləkətdə fağırın birisini – gün ərzində iki kərəm çalıb – çapıblar, bundan da o biri məntiqi nəticə çıxır ki, bizdə oğurluq, quldurluq baş alıb gedir, bundan da ən əsas, ən dəhşətli bir məntiqi nəticə hasil olur ki, bizim bu gözəl məmləkətdə oğrular, quldurlar polislə əlbirdilər?! Hə?! Bunu demək istəyirsən!!! /qarşısındakı məcəlləni götürür/. Maddə 57 – vətənə xəyanət! Bəli, məhz vətənə, özü də belə bir vətənə xəyanət! Əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətdə azadlıqdan məhrumetmə!

ULAQ. Necə?! İ – a!

RƏİS. Anqırma! /Polisə/ Hər ikisini apar müstəntiqin yanına, qoy aktlaşdırıb, protokollaşdırıb versin məhkəməyə.

ULAQ. Düz deyiblər, balıq başdan iy verər!

RƏİS. Xeyr, düz deməyiblər, balığı dənizdən çıxarmasan balıq yazıq nə başdan, nə də daldan iy verər! Apar hər ikisini!

ULAQ. Molla, vallah, billah, mən siz insanlara heyran qalmışam!

MOLLA. Niyə, mənim vəfalı dostum?!

ULAQ. Biz heyvan ola – ola bir səsdən, xaşaltıdan hürküb qaçırıq, sizin isə bu haqsızlıqdan, qalmaqaldan, basırıqdan, zorakılıqdan tükünüz də ürpəşmir!

MOLLA. Doğru deyirsən ağıllı dostum! Belə görürəm belə bir vilayətdə hürküb qaçmaqdan savayı əlac yoxdur! Cənab rəis qapı – pəncərəni bağla hürkməyim gəlir!

RƏİS. Necə?!

MOLLA. Bəli, bəli hürkməyim gəlir!

ULAQ. Molla, bu hürkəhürkdə şair nə deyib?!

MOLLA /kişnəyib o yan – bu yana soncuq atır/.

Bu qədər uzunqulaqdan gileyim var mənim,

Xərsüvarı – millətəm, canda keyim var mənim.

Anqırıb şıllaq atır həm cavan, həm də qocaman,

Hamının cah – cəlalı, bə nəyim var mənim?

Güzəranım min cürə şıllağa məruz qalsa da,

Mollayam, pərvərdigardan köməyim var mənim!

ULAQ. Sağ ol Molla, əsil şairsən! Adə musiqi!

Musiqi səslənir. Molla hürküb o yan – bu yana qaçır, Ulaq da ona qoşulur, otağı alt – üst edərək oxuyurlar.

MOLLA /oxuyur/.

Ata minim, ya ulağa?

Qaçmaq üçün lap uzağa,

Bəlkə quştək qanad açım?

Qanad açım, uçum, uçum!..

ULAQ.

Qanad açıb uçaq, uçaq!..

MOLLA.

Qadir allah özün söylə

Nədir suçum? Nədir suçum!

Musiqi davam edir. Mollayla Ulaq otağı alt – üst edirlər.

RƏİS. Tez tut Mollanı, tez! Dəlixanaya! Dəlixanaya!

POLİS. Bəs uzunqulağı?

RƏİS. Onu da dəlixanaya! O Molladan da dəlidir!

MOLLA. Ya Əzrayıl, uç gəl! Uç gəl! Ikinci duamı da oxuyum al canımı!

RƏİS. Rədd elə ikisini də burdan!

Polis Molla ilə Ulağı aparır. Musiqi davam edir. Səhnə qaranlıqlaşır. Rəis çıxıb geyimini və maskasını çıxarır – o Əzrayıldır.

ƏZRAYIL. Hə, Molla, axır ki, canından bezar olub məni çağırdın! Amma şərtimiz şərtdir!

İşıq sönür.

Dəlixanada otaq. Divara dünyanın iri siyasi xəritəsi vurulub, üç dəli rəqs edib oxuyurlar.

DƏLİLƏR.

Əlimiz də dəlidir,

Vəlimiz də dəlidir,

Qabaqdakı zəncirli,

Başçımız Pirvəlidir.

Kibrit qutularından

Düzəldərik biz gəmi.

Güldürərik həmişə

Özümüzə aləmi.

Dəlilərə yel verin!

Yel verin a, yel verin!

Yeli velləmək üçün

Əllərinə bel verin!

Əlimiz də dəlidir,

Vəlimiz də dəlidir.

Qabaqdakı zəncirli

Başçımız Pirvəlidir.

І DƏLİ. Hə, cənablar, bəylər və hər halda yoldaşlar, bu gün nə oynayacağıq?

ІІ DƏLİ. Gizlənpaç!

ІІІ DƏLİ. Yox, dünən gizlənpaç oynadıq, sən cığallıq elədin, gedib Antraktida gizləndin, mən yazıq səni axtarıb tapanacan pinqvin oldum! /Pinqvintək gəzişir/ Bax, indiyətək özümə gəlməmişəm.

І DƏLİ. Cənablar, onda gəlin “çumur – çumur” oynayaq!

ІІ DƏLİ. Yox, deyəcəksən çumur – çumur adın nə, mən də deyəcəyəm Madonna, sən deyəcəksən bir mahnı oxu, mən də deyəcəyəm oxumuram, sonra ikiniz də üstümə düşüb şil – küt edəcəksiniz məni ki, oxu, it qızı oxu! Yox, “çumur – çumur” sərf eləmir!

ІІІ DƏLİ. Cənablar, belə bir təklif var ki, bu gün heç bir oyun oynamayaq, ancaq dövlət işləriylə məşğul olaq!

І DƏLİ. Əla təklifdir, çünki halhazırda dünyadakı siyasi iqlim çox mürəkkəbdir.

ІІ DƏLİ. Yanımızdakı palatadan gələn səhih məlumatlara görə bu gün – sabah dünyanın axırıdır.

ІІІ DƏLİ. Yanımızdakılara çox da inanma, onlar təxribat məqsədiylə dezinfarmasiya da verə bilərlər. Yadındadır üç gün əvvəl yanımızdakılar söz buraxdılar ki, guya Amerikanlar – məməyeyəndən pəpəyeyənəcən – Səddam Hüseyndən qorxub Kuril adalarına qaçıblar. Amma elə həmən gün səkkizinci palata bu xəbəri təkzib etdi, məlum oldu ki, amerikanlar bizim baş həkimdən savayı kimsədən bir damcı da qorxmurlar, bizim baş həkimin adı gələndə isə hamısı tük salır. O ki, qaldı dünyanın axırına, dünyanın axırı bü gün – sabah yox, məhz bu gündür! Təxminən iki – üç saatdan sonra İsrafil düdüyünü çalacaq, qiyamət olacaq!

ІІ DƏLİ. Altıncı palatadan İsrafil? Onun da düdüyü var, görmüsüz? Elə çalır, elə çalır, adamı lap ağlamaq tutur! O hər dəfə çalanda anamla – atam gəlib dayanırlar gözlərimin önündə... /ağlayır/. Yazıqlar çox istəyirdilər ki, mən evlənəm, oğullu – qızlı olam, onlar da nəvə görsünlər. Köpəy oğlu, öyrətdi mənə nəşə çəkməyi, dəli elədi məni /ağlayır/.

І DƏLİ. Ağlama Madonna, ağlama! Əsil dəli sən deyilsən, xalis dəli bizim baş həkimdir, çünki dəlilərin ətini, yağını, qəndini oğurlayıb satır. /ІІІ dəliyə/ Bura bax, Sindibad, sən çox ölkələrdə olmusan, heç elə bir ağıllı adama rast gəlmisən ki, dəlilərin ruzusunu satıb cibinə qoysun?

ІІІ DƏLİ. Xeyr, cənab Ştirlis, rast gəlməmişəm, nə isə... İş başına cənablar! /Hər üçü xəritənin qarşısına gəlirlər/ Cənablar, bu bizim dünyamızdır, bir – iki saatdan sonra gördüyümüz bu dünya alt – üst olacaq, nəki canlı var qırılacaq sonra cəmi ölənlər dirilib qalxacaqlar, sərhədlər pozulacaq, ölkələr yer üzündən yox olacaq! Belə bir məqamda biz zirək tərpənib öz böyük səltənətimizi yaratmalıyıq! Böyük səltənət! Bizim səltənət Volqadan müqəddəs torpaq Yerusəliməcən, Uraldan şərqi Çinəcən uzanacaq! Madonna sən bu səltənətin daxili işlər naziri, ştirlis, sən isə milli təhlükəsizlik naziri. Mən isə...

І və ІІ DƏLİ. Prezident!

ІІІ DƏLİ. Yox! Mənim bobosilim var, bir yerdə çox otura bilmirəm! Mən hərbi nazir olacam. O ki, qaldı Prezidentə o leqativ olacaq. Öz aramızda qalsın evdə bir dənə bir kiloluq atom bombası var, bəd ayaqda lazımımız olar.

І DƏLİ. Məndə də bir – iki dənə qaz balonu var, svarşik işləyəndə çırpışdırıb atmışam həyətə, çox güman doludurlar.

ІІІ DƏLİ. Madonna bəs səndə nə var?

ІІ DƏLİ. Bir daxili işlər naziritək dövlət sirrini ancaq və ancaq prezidentə aça bilərəm, xahiş edirəm inciməyəsiniz!

І DƏLİ. Necə, sən bizə inanmırsan?!

ІІІ DƏLİ. Sən mənə hərbi nazirə, Ştirlisə - milli təhlükəsizlik nazirinə etibar etmirsən?!

ІІ DƏLİ. Mən bir daxili işlər naziritək ancaq və ancaq leqitiv prezidenti sayıram!

І və ІІІ DƏLİ. Necə?! Indi sənə göstərərik!

ІІ DƏLİ. Yaxın gəlməyin, yaxın gəlməyin! Ataram özümü pəncərədən!

Yaxınlıqda Ulaq anqırır, dəlilər donuxurlar.

DƏLİLƏR. Pərvədigara, necə gözəl, məlahətli avazdır!

Ulaq bir daha anqırır.

DƏLİLƏR. Ilahi, nə ecazkar səs!!!

І DƏLİ. Mən son illərdə belə tenor eşitməmişəm!

ІІ DƏLİ. Məncə sopranodur!

Ulaq anqırır.

ІІІ DƏLİ. Səhv edirsiz, əzizlərim, bu xalis lirik xırıltılı tenordur!

Ulaq anqırır, onun anqırtısı musiqiyə çevrilir.

Həkim, Molla və Ulaq otağa girirlər.

MOLLA /oxuyur/.

Buraxın, buraxın, buraxın məni!

Hürkmüşəm eşidib gördüklərimdən!

Qulaq göz verilir başqalarına

Eşidib görərək heyran olmaqçın.

Eşidib görənlər heyran olurlar,

Sevib sevilirlər, qibtə edirlər.

Biz isə eşidib gördüyümüzdən

Dəhşətə gəlirik, nifrət edirik!

Hürkürük, hürkürük öz – özümüzdən.

Hürkməkçün verilib bizə qulaq – göz!

/Mahnı bitir/

HƏKİM. Burda könlün istəyən qədər nifrət edib hürkə bilərsən. /Dəlilərə/ Düzlən!!!

Dəlilər boy sırasıyla düzlənirlər.

HƏKİM. Farağat! /Dəlilər farağat dururlar/ Salam gözəl insanlar!

DƏLİLƏR. Gün aydın, padla Qəzənfər!

HƏKİM. Ştirlis!

І DƏLİ /irəli çıxır/. Mən, padla!

HƏKİM. Sindbad!

III DƏLİ /irəli çıxır/. Mən, padla!

HƏKİM. Madonna!

II DƏLİ /irəli çıxır/. Mən, padla!

HƏKİM. Çox gözəl, gözəl insanlar! Tanış olun, bunlar sizin yeni həmxanalarınızdır! Bu oğurlanmış yorğanın ucbatından dəli – divanə olmuş Molladır!

DƏLİLƏR. Görürük, padla!

HƏKİM. Bu isə onun vəfalı eşşəyidir!

Ulaq anqırır.

DƏLİLƏR /vəcdə gəlib coşurlar/. Necə, eşşək?! Eşşək özünsən, padla!

I DƏLİ /Ulağın qarşısında diz çökür/. Bu ecazkar səsli nəcib məxluq yolunu səbrsizliklə gözlədiyimiz prezidentimizdir!

HƏKİM. Necə, prizdent?! Nə prizdent?

II DƏLİ. Məşhər günündən sonra yaradacağımız ucsuz – bucaqsız səltənətimizin prizdenti!

HƏKİM. Bu uzunqulaq?!

III DƏLİ. Uzunqulaq özünsən, padla! Bu nəcib məxluq müdriklərin müdriki, alicənabların alicənabı, ağıllıların ən ağıllısıdır! Rədd ol burdan, biz prizident seçkilərinə başlayırıq! Rədd ol, padla!

DƏLİLƏR. Rədd ol, padla! Rədd ol, padla!!! Rədd ol!... Yaşasın prizident, məhv olsun padla Qəzənfər!!!

/Qalmaqal düşür, dəlilər həkimi qovurlar/

ULAQ. Molla, bu qalmaqal mənim prizedentliyimin üstündədir?!

MOLLA. Belə çıxır!

ULAQ. Deməli əbəs yerə dünyaya gəlməmişəm. Doğrusu, yatsaydım yuxumda da görməzdim xalqın mənə bu dərəcədə məhəbbəti var!

MOLLA. Heç təəcüblənmə, dostum, bu məmləkətdə dəlilərin də son anda ümidləri uzunqulaqlaradır!!!

/Dəlilər həkim qovub otaqdan çıxarırlar/

I DƏLİ. Diqqət, diqqət! Danışır və göstərir küreyi - ərzin bütün televiziyonları! Baxın, eşidin və agah olun! Bu gün məşhər günüdür, yəni dünyanın axırıdır!

II DƏLİ. Ey küreyi - ərzin insanları görün və eşidin, nəhayət ki, məşhər günündən sonra yaradacağımız üfüqsiz səltənətimizin prizedentini seçmək şərəfinə nail olmuşuq!

Musiqi.

III DƏLİ /Hörmət – ehtiramla Ulağı ortaya çəkir/. Baxın, görün, tanıyın, bu üzü nurlu, gözləri saf, qəlbi geniş, lirik, xırıltılı tenor bizim gələcək prizidentimizdir!

I DƏLİ. Cənab gələcək prizident, proqramınız barədə bir – neçə kəlmə, əgər mümkünsə.

Musiqi güclənir.

ULAQ /oxuyur/.

Sözünüz olsa gerçək,

Biliniz, hamı gərək

Anqırsın mənim kimi.

Çünki mənəm hakimi

Böyük bir səltənətin!

Gələcək səltənətin!!!

Lazımdır anqırtının

Səsi bassın cahanı!

DƏLİLƏR.

Ay can, ay can, cahanı! /Anqırırlar/

I DƏLİ. Bəs demokratiya barədə nə deyə bilərsiz?

ULAQ.

Gərək heyvan heyvanı

Bir damcı incitməsin!

Bir qoduq da itməsin

Səltənətimizdən gərək!

Gəlin, sevək istəyək

Bir – birimizi yoldaşlar!

Qeyrətlilər, oğraşlar

Qoy bacı – qardaş olsun!

DƏLİLƏR.

Bu başa alqış olsun!

Musiqi coşur, dəlilər vəcdə gəlib dəlicəsinə rəqs edirlər, Ulaq da onlara qoşulur. Molla heyrətlə baxır...

ULAQ. Molla, kənarda durma, qoşul bizə!!!

DƏLİLƏR. Qoşul bizə, Molla, onsuz da dünyanın axırıdır.

MOLLA. Yox!...

ULAQ. Qoşul bizə, Molla, başqa əlacın yoxdur!

MOLLA. Var!... Var!...

Musiqi coşur.

MOLLA. Var! Var!!!... Tutdum qulaqlarımı!.../qulaqlarını tutur, musiqi kəsilir/

Yumdum gözlərimi!!!

/səhnə qaranlıqlaşır. Hardansa gələn xəfif işıqla yalnız Molla görünür/.

Tutdum qulaqlarımı,

Yumdum gözlərimi...

Süzülsün qaranlığın sakitliyindən

Tanrının nuru yalqızlığıma...

Açdım gözlərimi, qulaqlarımı...

/Gözlərini və qulaqlarını açır, onun hərəkətiylə müvazi qəbirlərdən nur buğlanan qəbristanlıq xəfifcə işıqlanır/

Qəbirstanlıqda qalxdı məzarlarından

Əcdadımın sümükləri...

Şaqqıldayıb ağladılar,

Çürümüş həsrətlərini

Bayraq kimi sancdılar

Qaranlığın günbəzinə,

Öyüd verdilər mənə...

Nur buğlanan qəbrlərdən skeletlər çıxıb Mollaya tərəf gəlirlər, onu araya alırlar...

SKELETLƏR.

Sev bala... Sevginən...

Alışıb nur olginən.

Qoy nurlansın odunla

Qaranlıq aləmlə bizim qəbrimiz...

Düdük səsi eşidilir... Sümüklər musiqiyə uyğun rəqs edərək nurla qəbrlərdə itirlər...

Mitil, cırım – cındır yorğana bürünmüş saçları dağınıq mələk çöhrəli qız düdük çalaraq gəlir. Bu birinci səhnədəki III ruhdur.

MOLLA. Ilahi, bu sənsən!... Yorğanım itən gündən izlədiyim, gözlədiyim...

Qız düdüyü dodaqlarından çəkir, amma musiqi davam edir.

QIZ. Yox, Molla, artıq mən mən deyiləm... Mən İsrafiləm!

MOLLA. Necə, İsrafilsən?

QIZ. Sənin bu yorğanın itən yox, oğurlanan gündən mən mən deyiləm, İsrafiləm. Dünyanın axırını xəbər verən İsrafil... /yorğanı çiynindən salır, o yarıçılpaqdır/ Yəqin bilirsən, bu gün məşhərdir, gəlmişəm düdüyümü çalam hamı ölənlər qalxsınlar məzarlarından...

/düdüyü dodaqlarına aparır/

MOLLA.

Çalma...

Çalma düdüyünü, çalma İsrafil,

Bilmirik biz kimik, bilmirik nəyik,

Bilmirik oğruyuq, yoxsa doğruyuq,

Bilmirik tacirik, yoxsa şairik,

Çalma düdüyünü, çalma İsrafil!

Bilmirik, bilmirik, bilmirik nəyik –

Bicik, ağıllıyıq, yoxsa dəliyik.

Bilmirik yerdəyik, yoxsa göydəyik,

Çalma düdüyünü çalma İsrafil...

Qız düdüyünü çalaraq uzaqlaşır.

MOLLA.

Çalma, qadan alım, qurbanın olum!

Çalma, bir həsirik, bir məmmədnəsir,

Çalma, yaşamağı öyrənməmişik.

Bilmirik yatmışıq yoxsa oyağıq,

Bilmirik ölüyük yoxsa diriyik,

Çalma, düdüyünü, çalma, İsrafil,

Ölüb dirilməyə hazır deyilik...

Qız düdüyünü çalaraq uzaqlaşıb yox olur. Molla yorğanını götürüb çiyninə salır...

MOLLA /ağlayır/.

Çalma, qadan alım, başına dönüm,

Axirət gününə hazır deyilik...

Işıq sönür.