Çernobılda vəhşi heyvanlar qaynaşır

Çernobıl meşəsi, foto illüstrasiya

-

Çernobıl, dünyanın ən ağır nüvə qəzasından 30 il sonra vəhşi heyvanların qaynaşdığı bir təbii qoruğa çevrilib. Bu günlərdə açıqlanmış elmi araşdırma həmin ərazidə sığınların, maral və canavarların dolaşdığını üzə çıxarıb.

1986-cı ildəki qəzadan sonra bu ərazi yaşayış üçün əlverişsiz sayılıb. İndi isə vəhşi heyvanların peyda olması onu göstərir ki, radiasiya zəhərlənməsi heyvanat aləminin yaşamasına və çoxalmasına mane olmur.

Araşdırma oktyabrın 5-də Current Biology jurnalında dərc olunub. Bu tədqiqat həm də insan ayağı dəyməyən ərazilərin, çirklənməyə baxmayaraq, vəhşi məməliləri necə cəlb etdiyini göstərir.

“İnsanlar yoxsa, təbiət çiçəklənir – hətta dünyanın ən pis nüvə qəzasından sonra belə,” Britaniyanın Portsmouth Universitetinin mütəxəssisi Jim Smith deyir.

“Bu, heç də o demək deyil ki, radiasiya vəhşi heyvanlar üçün yaxşı şeydir, ancaq o deməkdir ki, insanların yaşaması, ovçuluq, fermer fəaliyyəti, meşəçilik daha pisdir. İndi Çernobılda heyvanların sayı qəzadan əvvəl olduğundan qat-qat çoxdur,” Smith bildirib.