İ.Əliyev Qarabağ münaqişəsindən danışdı

İlham Əliyev

“Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlər görülür, bu sahə gələn il də qarşıda duran əsas tapşırıq olacaq və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər görüləcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib.

Prezident təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, qarşı tərəfin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində erməni təxribat qrupunun məhv edildiyini bildirib.

İlham Əliyev bir daha qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Prezident Ermənistan rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, Beynəlxalq aləm və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və belə bir bəyanatErmənistan rəhbərliyini ifşa və biabır edir.

İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bildirib: “Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlar qazanıb,regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”deyə İlham Əliyev vurğulayıb.