AŞPA komitəsindən “Sərsəng”lə bağlı qərar

Elxan Süleymanov

AŞPA komitəsi “Sərsəng” su anbarı ilə bağlı qərar qəbul edib.

Qurumun Sosial Məsələlər Komitəsinin Parisdə keçirilən iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, g bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.

Qətnamə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin birinin xeyrinə siyasi təzyiq vasitəsi kimi istifadə etməsinin dayandırılmasını tələb edir. Parlament Assambleyası Ermənistan tərəfinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bunu Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək bənzər hallara qarşı mümkün tədbirlərə baxılacağınıxəbərdarlıq edir.

Elxan Süeymanov sənədin 2016-cı il yanvar sessiyasında təsdiq ediləcəyinə ümidlə yanaşdığını deyir.