Rusiya Suriyada S-400 raketləri yerləşdirdi

S-400

Rusiya Suriyadakı hərbi bazasına S-400 hava hücumlarından müdafiə sistemləri yerləşdirib.

Bu barədə noyabrın 26-da RİA Novesti məlumat yayıb.

Rusiya noyabrın 24-də SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Suriyada bu cür raket sistemləri yerləşdirəcəyini bəyan eləmişdi.

Bu sistemlər Türkiyənin 50 kilometrliyində yerləşən Latakiyə əyalətindəki Rusiya bazasında yerləşdirilib və 400 kilometrlik hədəfi vura bilir.

Moskvadakı ABŞ səfirliyinin mətbuat katibi William Stevens bundan əvvəl bildirmişdi ki, bu onsuz da çətin olan vəziyyəti daha da kəskinləşdirəcək.

O qeyd edib ki, bu S-400 raketləri “İslam Dövləti” qrupu ilə mübarizədə heç nə eləmir, çünki onların təyyarəsi yoxdur.

Sözçü həmçinin qeyd edib ki, Vaşinqton Rusiyadan hərbi əməliyyatlar zonasında uçuş təhlükəsizliyi ilə bağlı ikitərəfli memoranduma əməl edilməsini gözləyir.