C.Hüseynovla bağlı vəsatət verildi

Cavid Hüseynov

"Qəbələ" klubunun hazırda həbsdə olan keçmiş kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov Bakı Şəhər Prokurorluğuna ona bəraət verilməsi ilə bağlı vəsatət təqdim edib.

"Report"un məlumatına görə, bu barədə Adəm Məmmədovun özü məlumat verib və bildirib ki, vəsatətə 48 saat ərzində baxılmalıdır.

Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktına görə həbs edilib.

Artıq jurnalistin döyülməsində əli olan 5 nəfərin işi ilə bağlı məhkəmə başlayıb.

Onlar qəsdən sağlamlığa ağır zərər vurma, (zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Onlar Rasim Əliyevi facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərə görə döyüblər. Cavid Hüseynovun işi isə ayrıca icraata götürülüb.

O isə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək xəbər verməməkdə ittiham olunur.

Rasim Əliyev avqustun 8-də Bakının Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.