Gömrük Komitəsindən Q.İbadoğluna cavab

Qubad İbadoğlu

-

Dövlət Gömrük Komitəsi xarici ticarət əlaqələrinin həcmində fərqlərin olması ilə bağlı xəbərləri şərh edib.

Bir neçə gün öncə mediada iqtisadçı ekspert Qubad İbadoğlunun araşdırmaları yer almışdı. Bu araşdırmaya görə, təkcə 2015-ci ildə Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana 1.6 milyard dollar məbləğində idxal gömrükdə qeydiyyata alınmayıb.

Komitənin fevralın 24-də yayılan açıqlamasında vurğulanır ki, dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur.

Komitə qeyd edir ki, ölkələrarası xarici ticarət əlaqələrinə dair göstəriciləri müqayisə edərkən bir çox amilləri nəzərə almaq lazımdır. Bu məsələ beynəlxalq praktikada aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır. Amma vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb.

“Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalının onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir. Müvafiq ölkələrlə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır” - deyə açıqlamada vurğulanır.

Komitə açıqlamasında dövlətlərarası xarici-iqtisadi əlaqələrin göstəricilərindəki fərqi yaradan amillərin izahatını verib.

Qubad İbadoğlunun araşdırması güzgü statistikası metodologiyasına əsaslanırdı.