F.Qəhrəmanlıya qarşı saxtakarlıq?

Fuad Qəhrəmanlı

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Kürdəxanı təcridxanasında istintaq altında olan müavini Fuad Qəhrəmanlının işində saxtakarlıq edildiyi bildirilir. Saxtakarlığa istintaq cəlb edilmə aktında yol verildiyi deyilir.

Bu haqda siyasətçinin vəkili Nemət Kərimli məlumat yayıb. Vəkil özünün facebook səhifəsində yazıb ki, Fuad Qəhrəmanlının həbs edilməsi barədə qərarda onun fikirləri sadalanıb. Sonda isə qeyd edilib ki, o, insanları “bu yolda şəhid adı altında ölməyə” səsləyir.

Vəkil qeyd edir ki, istintaq materiallarına görə, Fuad Qəhrəmanlının ittiham olunmasına əsas yaradan da elə həmin cümlədir.

”Halbuki, bu cümlə onun heç bir yazısında yoxdur. Sadəcə olaraq prokurorluq orqanları qərarı saxtalaşdırıb, yəni rəsmi sənədin məzmununa yalan məlumat daxil edib. Məhz bu yalanla da Fuad Qəhrəmanlıya qarşı ittiham irəli sürülüb” - deyə vəkil bildirib.

Siyasətçinin xanımı Zümrüd Yağmursa Fuad Qəhrəmanlının yazılarına bundan sonra istənilən əlavələrin edilə biləcəyini bildirib.

“Çünki, həbs olunduğu gündən onun facebook profili ələ keçirilib. Ancaq bunun əhəmiyyəti yoxdur. F.Qəhrəmanlının ittiham olunduğu bütün yazıları “skrinşot” edib saxlamışam” - deyə siyasətçinin xanımı bildirib.

Ancaq vəkilin bu yazdıqlarına istintaq orqanından, hələlik, hər hansı cavab verilməyib.

Fuad Qəhrəmanlı özünün “Facebook” səhifəsində yazdığı statuslara görə, ötən ilin dekabrında həbs olunub. Ona statuslarına görə, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.