Panama komissiya yaradır

Vergidən yayınma sxemi

-

Panama prezidenti ölkənin maliyyə təcrübəsinin nəzərdən keçirilməsi məqsədilə komissiya yaradır. Bu günlərdə media sızmış “Panama sənədləri” bir sıra dünya liderlərinin, tanınmış şəxslərin sərvətini məhz bu ölkədə gizlətdiyini, bununla da vergidən yayındığını üzə çıxarıb.

Prezident Juan Carlos Varela aprelin 6-da deyib ki, yerli və xarici ekspertlərin iştirakıyla müstəqil komissiya yaradılacaq, mövcud təcrübə nəzərdən keçiriləcək və bir sıra tədbirlər irəli sürülərək digər ölkələrlə paylaşılacaq, beləliklə, maliyyə və hüquq sistemlərinin şəffaflığı gücləndiriləcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Panamanı kəskin tənqid edib. Qurumun Baş katibi Angel Gurria aprelin 5-də deyib ki, “Panama vəsaitin ofşor gizlədilməsinə, vergidən və hüquq-mühafizə orqanlarından yayındırılmasına şərait yaratmaqda davam edir”.

Panamada yerləşən Mossack Fonseca hüquq firmasının 11.5 milyon sənədi mediaya sızıb. Bu firma dünya varlıları üçün ofşor düzən yaratmaq üzrə ixtisaslaşıb.