Gənclərin şikayətinə baxılacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayram Məmmədovun vəkili Elçin Sadıqov: "Apellyasiya şikayəti verəcəyik"

-

Narkotik saxlama ittihamı ilə həbs olunmuş gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbs qərarından verilmiş apellyasiya şikayətinə mayın 18-də baxılmalıdır

Bu haqda gənclərin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Qiyas İbrahimovun həbsindən verilən şikayətə göstərilən tarixdə saat 14:50-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiz Qasımovin sədrliyi ilə baxılacağı bildirilir.

Həmin gün saat 15:45-də isə hakim Qədim Babayev Bayram Məmmədovun şikayətinə baxmalıdır.

Hər iki apellyasiya şikayətində gənclər barəsində həbs qətimkan tədbirinin seçilməsini nəzərdə tutan qərarın ləğvi istənilir.

Narkotik saxlama ittihamı ilə həbs olunmuş gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıblar.

NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da da B.Məmmədovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubunu şərh etməyiblər. Yalnız, Ombudsman Aparatından şikayətin nəzarətə götürüldüyünü bildiriblər.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da, sadəcə, parklarda gül əkmə aksiyaları keçiriləcək.