Masallıda sənaye məhəlləsi yaradılır

-

Masallıda sənaye məhəlləsi yaradılması planlaşdırılır. Prezident İlham Əliyev iyunun 13-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, sənaye məhəlləsinin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Məhəllənin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı, emalı, habelə xidmət müəssisələrinin yaradılması planlaşdırılır.

Masallıdakı sənaye məhəlləsinin idarə olunması, inkişafı, fəaliyyətinin təşkili sərəncamla Azərbaycan İnvestisiya Şirkətinə həvalə edilib.

Sərəncama əsasən, Nazirlər Kabineti məhəllədən ötrü 10 hektar torpaq sahəsinin ayrılmasını təmin etməlidir. Digər zəruri tədbirlərin görülməsi isə iqtisadiyyat nazirliyinə həvalə edilib.

Azərbaycanda ilk sənaye məhəlləsinin yaradılmasına 2015-ci ildə Neftçalada başlanıb. Ötən ilin fevralında prezident bununla bağlı sərəncam vermişdi.
Bundan başqa Ağdam rayonu ərazisində çoxlu zavod və fabriklərdən ibarət “Qarabağ” sənaye məhəlləsinin də yaradılacağı bildirilir.