Vəkillərə təzyiq pislənir

Fariz Namazlı və Elçin Sadıqov

Siyasi Məhbusları Monitorinq Mərkəzi son günlər əsas insan hüquq və azadlıqları sahəsində tanınmış vəkillərə təzyiqlər olduğunu qeyd edərək, belə halları pisləyib.

«Siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillər Elçin Sadıqov və Fariz Namazlı təzyiqlə üzləşiblər. E.Sadıqovu Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı hədələyib. F.Namazlıya qarşı isə hücum ittihamı ilə araşdırma başlayıb. Baxmayaraq ki, o, özü hücuma məruz qalıb», - sənəddə deyilir.

Mərkəz öz bəyanatında son illər bir sıra müstəqil vəkillərin işdən kənarlaşdırıldığını xatırladıb. «Bu, ölkədə kəskin vəkil çatışmazlığı olduğu bir vaxtda baş verir. Azərbaycanda hər 10 min vətəndaşa cəmi bir vəkil düşür. Bu, postsovet məkanında ən pis göstəricilərdən biridir. Hətta Belarusda hər 5750 nəfərə, Ukraynada isə 1450 nəfərə 1 vəkil düşür», - deyə bəyanatda bildirilir.

Mərkəz vəkillərə təzyiqlə əlaqədar Baş Prokurorluğa müraciət etmək niyyətində olduğunu da bəyanatda ifadə edib.

Noyabrın 2-də Azərbaycanda yerli saytlardan biri vəkil E.Sadıqovun müdafiə etdiyi şəxslərdən birinin xanımı ilə romantik münasibətləri olduğunu iddia edən məqalə yayıb. Həmin media orqanının rəhbəri bu yazının saytlarında onlardan xəbərsiz təxribat məqsədi ilə yerləşdirildiyini bildirib.

E.Sadıqov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində isə hədələndiyini bildirib.

Vəkilin xanımı Zibeydə Sadıqova da həyat yoldaşının işi ilə bağlı hədələndiyini deyir.

Üstəlik, vəkilini qardaşı noyabrın 3-də polisdə dindirilib.

Bundan başqa, noyabrın 2-də digər vəkil Fariz Namazlıya polisə onunla bağlı şikayətin daxil olması barədə məlumat verilib. F.Namazlı oktyabrın 20-də məhkəmədə bir şəxsə hücum etməkdə günahlandırılır. Halbuki, həmin tarixdə vəkil özünün hücuma məruz qaldığını söyləyir.

Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsindən, hələlik, vəkilin hədə ilə bağlı dediklərinə münasibət öyrənmək mümkün olmayıb.