Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər”i təqdim olundu

Elvin Adıgözəlin "Yasaq cəh-cəhlər tamaşası"ndan bir səhnə.

Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər”i təqdim olundu

Arxada qoyduğumuz şənbə “Xəzər” universitetinin kampusunda gənc rejissor Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər” tamaşasının təqdimatı oldu.

İsveçrənin Qafqaz üzrə ofisinin dəstəyi ilə hazırlanan “Yasaq cəh-cəhlər” türkiyəli yazar Yeşim Ağaoğlunun eyniadlı əsərinin adaptasiyasıdı.

"Yasaq cəh-cəhlər" tamaşasının posteri.

Tamaşa cəmiyyətdə baş verən sosial-siyasi hadisələrin fonunda insanların münasibətindən, onların insan həyatına təsirindən bəhs edir.

Tamaşanın üç real və iki virtual personajı var: Ana (İlqarə Tostka), oğul (Ziya Ağa), Qarğa (Oqtay Mehdiyev), baş nazir (Elşən Rüstəmov) və aparıcı (Təhminə Dantsiq).

Buna da bax: Musiqili Teatrın səhnəsində sovet abu-havası

Həyat yoldaşını on il əvvəl itirmiş ana, öz sözləri ilə desək, “on ildi əlinə kişi əli dəyməyən” tənha qadındı, gözəllik salonunda işləyir, oğlu ilə münasibətləri soyuqdu, oğlunun gününü dostları ilə əyləncə məclislərində keçirdiyini düşünür.

Oğul doğmaları tərəfindən başa düşülməyən bütün gənclərin komplekslərindən əziyyət çəkir, üsyankardı, ancaq üsyanının, mübarizəsinin konkret hədəfi və məqsədi yoxdu, qəlibdi və buna görə də, yaşadığı cəmiyyətdə məğlubiyyətə məhkumdu.

Qarğa - daim yemək və rahatlıq axtarır, vəziyyət bir az qəlizləşən kimi aradan çıxır, zəmanə adamıdı, getdiyi hər yerdə şəraitə uyğunlaşmağı bacarır, bundan ötrü lazım gələndə özünü “insan haqları, əzilənlərin və təhqir olunanların müdafiəçisi” kimi təqdim eləyir, əslində isə “ağıllı ol!” devizi ilə yaşayır.

Tamaşaçı hər üç personajın xarakteri ilə onların yaşadıqları cəmiyyətdə gedən proseslərlə paralel tanış olur. Sözügedən proseslərdən isə sadə dekorasiyalı səhnədə asılmış ekran- televizor vasitəsilə xəbər tutur (videoqraf Şahin Xəlil). Ekran-televizor həm də cəmiyyətin güzgüsü funksiyasını daşıyır. Orda görünən (göstərilən) və insanları dövlətin yeni “BSS” siyasəti ilə tanış eləyən, “Biz sizi sevirik. Buna görə də teatr, kino, musiqi, şeiri qadağan eləyirik” deyən baş nazirin hər çıxışından sonra səhnədə baş verənlər, personajların dialoqları şərtlərə adekvat olur.

Elvin Adıgözəlin "Yasaq cəh-cəhlər" tamaşasının treyleri.

Rejissor bu proseslərin insanların münasibəti, xarakterləri ilə düz mütənasib olduğunu göstərməyə çalışır və “siz öz cəmiyyətinizə, orda baş verənlərə qarşı laqeyd olduqca, “mənə nə?”, “Sənə nə?” prinsipini həyat devizinizə çevirdikcə, o da sizi yekrəng, mənasız, sevgisiz robotlara çevirəcək” deyir.

“Yasaq cəh-cəhlər” tamaşasının təqdimatında iştirak edən yazıçı Yeşim Ağaoğlu tamaşadan razı qaldığını, ancaq orijinal mətnə edilən dəyişikliklərin onu xəyal qırıqlığına uğratdığını deyir: “Düzü, mən bir az xəyal qırıqlığına uğradım, çünki rejissor mənim yazdığım dialoqları çox dəyişib. Əslində buna görə məndən icazə istəmişdilər, amma mən icazə verməmişdim. Odur ki, özümü bir az istifadə olunmuş kimi hiss elədim. Mənim əsərim qara yumor janrındadı. Dünyanın bir yerində bir anda incəsənətin bütün növləri qadağan olunur, digər tərəfdə isə bir ana ilə oğlunun münasibətlərini müşahidə edirik, onların arasındakı sevgisizliyə, soyuqluğa şahid oluruq. Bir də Qarğa var. Qarğa çox önəmlidi. Dövrün adamıdı. Bu baxımdan tamaşada əsərin ideyası saxlanılmışdı, xüsusilə, aktyorların oyununu çox bəyəndim, çox istedadlı idilər. İnsanlar da çox güldülər.

Buna da bax: "Əzilənlərin teatrı" cəmiyyətdə nələri dəyişdirirdi...

Ancaq yenə deyirəm, dialoqların dəyişdirilməyi məni bir az məyus elədi. Məncə, yazarın icazəsi olmadan mətni dəyişmək olmaz”.

"Yasaq cəh-cəhlər" tamaşasında iştirak edən aktyorlar və rejissor Elvin Adıgözəl.

Tamaşanın rejissoru Elvin Adıgözəlsə bu əsəri, məhz, ideyasına, cəmiyyətə ötürdüyü mesaja görə seçdiklərini söyləyir: “Yeşim Ağaoğlunun “Yasaq cəh-cəhlər” əsərini seçməyimizin birinci səbəbi maraqlı ideyasının olması idi. Ancaq daha bir səbəbi də var. Bu tamaşa beynəlxalq layihə çərçivəsində hazırlanırdı və ortaq iş olmalıydı. Yəni səhnələşdirilən əsərin müəllifi azərbaycanlıdırsa, rejissor başqa ölkədən dəvət edilməliydi, yaxud əksinə, rejissor azərbaycanlıdırsa, əsərin müəllifi başqa ölkədən olmalıydı”.

Y. Ağaoğlunun mətndəki dəyişikliklərlə bağlı etirazına da münasibət bildirən rejissor: “İş ondadı ki, teatr başqa şeydi, kitab başqa. Hətta film üçün ssenari yazılanda belə meydançada nələrsə dəyişə bilər. Yəqin bilirsiniz, Abbas Kiarostami cəmi bir səhifəlik ssenari yazırdı, sonra cırıb atırdı. Tamaşada dialoqların dəyişdirilməsi, adaptasiyası vacibdi. Yoxsa hamıya kitabı paylayardıq, oxuyardılar”.

Tamaşanın prodakşn meneceri İntiqam Hacılı da rejissora dəstək verir və “Biz tez-tez tamaşa qoya bilmirik. İldə minimum bir, maksimum iki tamaşa olar, ya olmaz. Amma bütün işlərimiz üçün sosial gerçəkliyi əks etdirən, siyasi aktual mövzulara toxunan əsərlər seçirik. Üstəlik çalışırıq ki, hazırda ölkədə baş verən prosesləri də ironiya şəklində ora əlavə edək. İlk hazırladığımız “Gələcəyin yuxusu” tamaşasında da bu prinsipə əməl eləmişik, bu tamaşada da onu qorumuşuq. Təbii ki, teatrın məqsədi sırf siyasi, ya da sırf qeyri-siyasi bir şey hazırlamaq deyil. Sadəcə biz istəyirik ki, bu gün Azərbaycanda, eləcə də bütün dünyada baş verən sosial-siyasi hadisələrin cəmi bu tamaşada görünsün. Əsərdəki hadisələr naməlum bir ölkədə baş versə də, dünyanın hər yerində və bizdə də aktualdı. Ola bilər ki, biz bu tamaşanı Türkiyədə də nümayiş etdirək. Bu, artıq sonrakı proseslərin nəticəsindən asılı olacaq” deyir.

İ.Hacılı tamaşa üzərində işləməyə iki ay əvvəl başladıqlarını, aktyorları seçərkən də onların peşəkarlığı ilə yanaşı dünyagörüşlərini, ictimai-siyasi mövqelərini də nəzərə aldıqlarını söyləyir: “Bu dəfə aktyorları seçəndə, təbii ki, peşəkarlığı da nəzərə alırdıq, amma daha çox onların ictimai-syasi fikirlərinə, dünyagörüşlərinə üstünlük verdik. Bizə lazım idi ki, aktyorlar nə oynadıqlarını bilsinlər və hiss eləsinlər. Müraciət elədiyimiz aktyorların hər üçü materialla tanış olan kimi oynamağa razılıq verdilər, heç biri bizimlə qonorar söhbəti eləmədi, azdı-çoxdu demədi. Nə Oqtay bəy, nə İlaqrə xanım, nə də Ziya bəy. Çünki materialı bəyənmişdilər. Onlar da sənət üçün işləmək istəyirlər. Mən inanıram ki, belə filmlər olsa, orda da həvəslə çəkilərlər. Bizim teatrlarda belə istedadlı aktyorlar var”.

Təqdimatda iştirak edən əməkdar rəssam Səbinə Şıxlinskaya da gözəl və cəsarətli tamaşa hazırladıqlarına görə bütün yaradıcı heyəti təbrik edir: “Bu gün ölkəmizin yaradıcı həyatında çox vacib hadisə baş verdi. Düzdü, türk yazıçısı və şairəsi Yeşim Ağaoğlunun əsəri bir qədər interpretasiya olunub, amma bu yaradıcı prosesdi. Əsas odu ki, ideyası dəyişməyib. Əsərdə də, tamaşada da son dərəcə aktual və vacib bir problemə toxunulub- həm Türkiyə, həm də Azərbaycan cəmiyyəti üçün. Ona görə də biz artıq nə haqdasa açıq danışa bildiyimiz üçün bir-birimizi təbrik eləməliyik. Deməli, ölkəmizdə nə vaxtsa nələrsə dəyişəcək”.

Buna da bax: E. Bədəlov: İndi də AzDramanı ölüxanaya çevirirlər

Həqiqətən də, bu gün Azərbaycan teatrında yaşadığımız dövrün, cəmiyyətin güzgüsü olmaq bir yana, ona cüzi də olsa, toxunmağı bacarmış tamaşalar görmək nadir hadisədi. “Yasaq cəh-cəhlər” bütün yaradıcı heyəti, dəstəkçiləri ilə birlikdə kiçik büdcəyə və məhdud imkanlara rəğmən bu cəsarəti göstərmiş tamaşadı və təəssüf ki, onu bundan sonra səhnədə görmək ehtimalı azdı. Rejissor E.Adıgözəl bunun üçün müəyyən maliyyəyə ehtiyac olduğunu deyir: “Bu tamaşa layihə çərçivəsində hazırlanıb və bir dəfə nümayiş olunması nəzərdə tutulub. Biz tamaşanı başqa səhnədə təkrar göstərə bilərik, amma bunun üçün maliyyəyə ehtiyacımız var, bəzi ödənişlər eləmək lazımdı- ən azından, zal üçün. Əgər az da olsa, vəsait tapsaq, təbii ki, yenə nümayiş olunacaq. Amma teatr festivallarına göndərəcəm. Təbii ki, bundan ötrü müəllifin də icazəsi lazımdı”.

Aygün Aslanlı