İ.Əliyev: 'Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır'

İlham Əliyev Ağdamda

«Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordularındandır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik».

Bunu yanvarın 23-də Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yeni inşa edilmiş hərbi şəhərciyinin açılışına qatılan prezident İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Ölkə başçısı son illərdə hərbçilərin şəraitinin yaxşılaşdırılmasından danışıb. 20-dən çox hərbi şəhərciyin inşa edildiyini bildirib.

İlham Əliyev çıxışında aprel döyüşlərini də yada salıb: «Bu, Azərbaycan Ordusunun böyük qələbəsi idi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mifi dağıtdı. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır».

Prezident vurğulayıb ki, Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır.

İlham Əliyevin açılışını etdiyi hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.

Açılış mərasimində müdafiə naziri Zakir Həsənov və digər yüksəkrütbəli hərbçilər iştirak ediblər.