Azərbaycan neft hasilatı öhdəliyinə sadiq olduğunu bildirir

OPEC-in ofisi.

Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC-ə) təqdim edib.

Həmin məlumata görə, bu ilin yanvarında ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub. Bunun 743,1 min barrelini xam neft, 50,8 min barrelini isə kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 50,8 min barrel kondensat, 24,2 min barrel də neft məhsulları ixrac edilib. Energetika Nazirliyindən verilən məlumata görə, bununla 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan öhdəliyi tam yerinə yetirib. Yəni, Azərbaycan hasilatı sutkada 35 min barrel azaldıb: “Belə ki, saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829,1 min barrel təşkil edib”.

Buna da bax: ABŞ-da yeni quyuların qazılması neftin qiymətini saldı

Martda yeni müzakirə olacaq

Məlumatda qeyd edilir ki, aparılan təhlillər də göstərir ki, mövcud qərar neft qiymətinin artmasına müsbət təsir göstərib: “Bununla belə, Monitorinq Komitəsinin Küveytdə mart ayında keçiriləcək iclasında qəbul edilmiş qərarın icra vəziyyəti və bazara təsiri təhlil ediləcək. Əldə olunan nəticələr veriləcək qərarları, təklifləri müəyyənləşdirəcək. Bu da istehsalçı ölkələrə hasilat planlarını tərtib etməyə kömək göstərəcək”.

Buna da bax: Neft hasilatına nəzarət ediləcək

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan gündəlik neft hasilatı ilə bağlı məlumatları Monitorinq Komitəsinə təqdim edib. Energetika Nazirliyindən verilən məlumata görə, yanvarın 22-də Vyanada Küveyt, Rusiya, Əlcəzair, Venesuela və Omandan ibarət hasilatın azaldılmasına nəzarət komitəsinin iclasında OPEC, qeyri-OPEC dövlətlərinin götürdükləri öhdəliklərin icrasına nəzarət məqsədilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyaya hər ay müvafiq ölkələrdən gündəlik neft istehsalı ilə bağlı məlumatların alınması və öyrənilməsi həvalə edilib. Öhdəlik götürmüş ölkə olaraq Azərbaycanın Birgə Texniki Komissiya ilə işləməsindən ötrü Energetika Nazirliyinin nümayəndəsi müəyyənləşdirilib.