İnterneti tənzimləyən qanunlara dəyişiklik edilir

Arxiv fotosu.

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər etməyə hazırlaşır.

Dəyişiklik layihəsi fevralın 15-də parlamentin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilib.

Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.

Buna da bax:​ 'Azərbaycanda internet formal olaraq azaddır, amma...'

Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova hər iki sənədi prezidentin göndərdiyini bildirib. Onun fikrincə, dəyişiklik təklifi təqdirəlayiqdir. Onun qəbul edilməsi İnternetdə mövcud olan qanunazidd fəaliyyətlərin aradan qaldırılmasına kömək edəcək.

Müzakirələr zamanı bildirilib ki, dəyişikliklər internet informasiya resurslarında təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.

Layihənin tam detalları açıqlanmır. Ancaq qeyd edilib ki, layihə internet informasiya resurslarının yaradılmasını, uçotunu əhatə edir.

Buna da bax:​ 'İnternet tənzimlənsin' səsləri yüksəlir…

Təkliflər bundan başqa bəzi informasiyaların yayılmasının qarşısının alınması, telekommunikasiya resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi, operator və provayderlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqəlidir.

Deputatlar təklifə yekdilliklə dəstək verib. Hər iki qanun layihəsi parlamentin plenar iclasına çıxarılacaq.