9 müflis banka qiymətləndirici axtarılır

Bağlanmış banklardan biri - "Zaminbank". 20sen2016

9 müflis bankın ləğvetmə prosesində şəffaflığın və qiymətləndirmənin təmin edilməsi məqsədi ilə beynəlxalq audit şirkətlərinə təklif məktubu göndərilib.

10 beynəlxalq audit şirkətinə müraciət edilib. Onlardan “Baker Tılly Azərbaycan” və “RSM Azerbaijan”dan əməkdaşlığa hazır olmaları barədə cavab məktubu alınıb.

Bu haqda Əmanətlərin Sığortalanması Fondu-nun məlumatında yazılır.

Buna da bax:​ Beynəlxalq Bankın problemli aktivlərindən nə xəbər var?

Fond bildirir ki, bütün cavab məktubları gəldikdən sonra, əməkdaşlığa hazır olan şirkətlərlə məlumatın məxfi saxlanması haqqında müqavilə imzalanacaq.

Növbəti mərhələdə ləğv prosesində olan banklar üzrə bütün təkliflərin hazırlanmasından ötrü həmin audit şirkətlərinə ötürüləcək.

Fond qeyd edir ki, ləğv prosesində olan “Bank Standard”-ın qiymətləndirilməsini KPMG şirkəti, ləğv prosesinə dair hüquqi rəyin verilməsini isə BM Morrison şirkəti, artıq həyata keçirib.

Buna da bax: Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

Fondun məlumatına əsasən, hazırda ləğv prosesində olan bankların əmlaklarını yerli qurumlar bazar və likvid dəyəri müəyyən edilməklə qiymətləndirirlər.

Hazırda 9 bankın ləğv prosesi gedir. Bunlar “Royalbank», «Bank of Azerbaijan», «Texnikabank», «AtraBank», «Qafqaz İnkişaf Bankı», «Bank Standard», «Kredobank», «Gəncəbank», «Zaminbank»dır.

Bankların ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu çıxış edir.

Buna da bax:​ Bankların manatla kredit verməməsinin əsas bir səbəbi var...

Ötən il ümumilikdə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Ekspertlər bu il daha bir neçə bankın bağlanacağını gözləyir. Onlar deyirlər ki, ölkədə getdikcə banklara inam azalır. Banklar kredit verə bilmirlər. Hazırda Azərbaycanda 32 bank var.