İ.Əliyev: 'Cənub Qaz Dəhlizi milli təhlükəsizlik məsələsidir'

İlham Əliyev

«Azərbaycan Avropa Komissiyası ilə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik».

AZƏRTAC-ın xəbərinə görə, fevralın 23-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının açılışında prezident İlham Əliyev belə deyib.

Ölkə başçısı layihənin icrasının gələcək əlaqələrdən ötrü də çox vacib amil olduğunu vurğulayıb.

Prezident 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi»nin gələcək enerji layihələrinin həyata keçirilməsindəki roluna və o zamandan bəri görülən işlərə ekskurs edib.

Prezident qeyd edib ki, son bir ildə «Şahdəniz-2» layihəsinin 90 faizi həyata keçirilib. TANAP və TAP layihələrində ( Cənub Qaz Dəhlizi layihəsinin tərkibləri) də mühüm uğurlar müşahidə edilib. Azərbaycan «Abşeron» qaz yatağının işlənməsinə başlayıb.

«Bu da ölkəmizin qaz potensialının yalnız «Şahdəniz»lə məhdudlaşmadığını göstərir», - İ.Əliyev bildirib.

Prezident Cənub Qaz Dəhlizini «XXI əsrin layihəsi» adlandırıb. «Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir», - İ.Əliyev deyib.

Daha sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič deyib: «Cənub Qaz Dəhlizi layihəsi Avropa Birliyi üçün strateji əhəmiyyət daşıyır. Onun Avropadan ötrü nə dərəcədə vacib olduğunu hamımız anlayırıq».

M.Šefčovič layihəyə Avropa maliyyə təşkilatlarının diqqət göstərməsinin vacibliyini qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın «Şahdəniz 2» qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

TAP (Trans-Adriatik Qaz Kəməri) və TANAP (Trans-Anadolu Qaz Kəməri) Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir.