Vəkil təcridxanadakı ilahiyyatçı ilə görüşüb

Sərdar Babayev

Vəkil Cavad Cavadov martın 1-də Masallı rayon (Bakıdan 236 kilometr cənub) Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında ilahiyyatçı Sərdar Babayevlə görüşüb.

Bu barədə vəkil özü məlumat yayıb.

Sərdar Babayev barəsində bu il fevralın 22-də həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 168-1.3 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham tərəfi Babayevin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

Vəkil Cavad Cavadov bildirib ki, Sərdar Babayev Azərbaycanda da dini təhsil alıb. İranda isə bunu qadağan edən qanun qüvvəyə minməmişdən əvvəl dini təhsil alıb.

Vəkil hesab edir ki, ilahiyyatçının həbsi Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (Fikir, vicdan və din azadlığı) maddəsinə ziddir.

C.Cavadov qeyd edib ki, Masallı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Qanuna tam əməl olunmur. «Qanunun 19.6, 19.7 maddələrinə əsasən, Babayevə həbs edildikdən bir həftə ərzində yaxınları ilə görüşmək (qanunla həftədə bir dəfə) və telefonla zəng vurmaq imkanı (qanunla həftədə iki dəfə) verilməlidir. Amma buna əməl edilməyib. Bundan əlavə, ailəsi ona namaz qılmasından ötrü səccadə, rəsmi nəşr olan Qurani Kərim, digər ədəbiyyat aparıb. Ancaq onların verilməsindən imtina edilib», - o qeyd edib.

Vəkilin bildirdiyinə görə, Sərdar Babayevin həbsinə dinc etiraz yürüşü keçirən Masallı rayon sakinləri Salman Sultanov, Fizuli Şahhüseynov, Məhəmməd Həbibov və İmadəddin Məhərrəmov da Masallı Rayon Məhkəməsinin fevralın 24-də verdiyi qərarla müxtəlif müddətlərə inzibati həbsə məhkum edilib.

Cavad Cavadov həmin şəxslərin də hüquqlarını müdafiə edir və onlar barədə məhkəmə qərarlarından apellyasiya şikayəti hazırlayır.

Vəkilin açıqlamasına, hələlik, Masallı Rayon Polis Şöbəsindən və məhkəmədən münasibət almaq mümkün olmayıb.