'Rus icmasının sənədlərində də çatışmazlıqlar var'

Əli Hüseynli

Bu gün, aprelin 7-si Milli Məclisdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması məsələsi ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə və İnzibati Məhkəməsinə müraciət edilməsi təklif olunub.

APA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya Dövlət Duması ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli çıxış edib.

Ə.Hüseynli deyib ki, ÜAK-a Rusiya Ədliyyə Nazirliyindən sənədlərin qaydaya salınması ilə bağlı üç dəfə müraciət olunub: «Sonuncu dəfə 2016-cı ilin oktyabr ayında müraciət edilib. 2016-cı ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi və Fazil Qurbanov sədr seçildi. Bu qurultayda sənədlərdə düzəlişlərin edilməsi üçün müvafiq işlərin görülməsinə başlanıldı. Amma çox təəssüf ki, bu ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət etdi. Mən bir hüquqşünas kimi qeyd etməliyəm ki, Rusiya qanunvericiliyində sənədlərin düzgün olmaması ilə bağlı 3 addım nəzərdə tutulur. Bunlardan biri xəbərdarlıq, ikincisi cərimə və yalnız sonuncusu ləğvetmədir. Amma çox maraqlıdır ki, sonuncu addımı ilk addım kimi atmaq barədə qərar verilir. Çox istərdim ki, bu məsələyə siyasi yox, hüquqi cəhətdən yanaşaq. Mən ad çəkmək istəmirəm, amma Azərbaycandakı rus icmasının sənədlərində də çatışmazlıqlar var. Buna baxmayaraq, bizim tərəfdən heç vaxt ləğvetmə ilə bağlı məsələ qaldırılmayıb. Çünki bu, hüquqi sistemdə ən sonuncu addımdır. Əminəm və ümidvaram ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin bu müraciətini rədd edəcək».

Komitə sədri ÜAK-ın fəaliyyətinin Azərbaycandan ötrü çox lazımlı olduğunu vurğulayıb. Spiker Oqtay Əsədov Ə.Hüseynlinin təklifini dəstəkləyib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin-in dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.