AB ilə əməkdaşlıq müzakirə olunub

AB

«Azərbaycan Avropa Birliyi (AB) ilə qanunun, inzibati idarəetmənin təkmilləsdirilməsinə xidmət edən tvinninq layihələrin reallaşması üzrə regionun lideridir».

Bunu bu gün, aprelin 7-də iqtisadiyyat nazirinin müavini Sahil Babayev tvinninq proqramların başlanmasının 10 illiyinə həsr olunmuş konfransda bildirib.

O qeyd edib ki, ötən müddətdə 45 tvinninq layihə razılaşdırılıb ki, bunun da 26-sı artıq başa çatıb.

S.Babayev qeyd edib ki, Avropa Birliyi Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. «Əgər 2016-cı ildə AB ilə əmtəə dövriyyəsi Azərbaycanın bütün əmtəə dövriyyəsinin 35 faizini təşkil edirdisə, 2017-ci ilin ilk iki ayında bu göstərici 42 faizə kimi artıb», - o bildirib.

S.Babayev deyib ki, Azərbaycanda xarici investisiyaların 45 faizi AB-nin payına düşür. Mütləq ifadədə investisiyaların həcmi 20 mlrd. dollar təşkil edib. Bu birlik Azərbaycanda layihələrə 582 mln. avro xərcləyib.

AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard da bildirib ki, hazırda tvinninq layihələrin nəticələrini görmək olar. «Sevindirici haldır ki, ayrı-ayrı tvinninq layihə başa çatdıqdan sonra tərəflər arasında əməkdaşlıq davam edir», - o vurğulayıb.

Tvinninq proqramı Avropa Komissiyasının təşəbbüsüdür və 1998-ci ildə Avropa Birliyinin genişlənməsinə hazırlıq kontekstində başlayıb.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.

Bu danışıqların ilkin mərhələsi bu ilin əvvəlində keçirilib.