Azərbaycanda neftin qiymətinə dair müzakirələr

Khalid al-Falih

Aprelin 26-da Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Khalid al-Falih bir sıra görüşlər keçirib.

O, həm prezident İlham Əliyev və həm də energetika naziri Natiq Əliyevlə müzakirələr aparıb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə N.Əliyev deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı bazarda neftin qiymətinin stabilləşməsindən ötrü OPEK-ə üzv olan və olmayan ölkələr çərçivəsində birgə səylər göstərirlər. «Bu kimi səfərlər qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir», - N.Əliyev bildirib.

Khalid al-Falih isə Azərbaycanın neftin qiymətinin bahalaşmasını nəzərdə tutan addımlarda iştirakının əhəmiyyətini vurğulayıb.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub.

Energetika Nazirliyindən verilən məlumata görə, bununla 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan öhdəliyi tam yerinə yetirib. Yəni, Azərbaycan hasilatı sutkada 35 min barrel azaldıb

OPEK üzv olan və kartelə daxil olmayan ölkələrin bu qərarından sonra neftin qiymətində müəyyən bahalaşma müşahidə edilir. Gələn ay razılaşmanın müddətinin uzadılması ilə bağlı növbəti müzakirələr gözlənir.