Azərbaycan 3 günə 50 medal qazanıb

Bakı-2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının üç günü arxada qalıb.

Dünən, mayın 14-ü Azərbaycan atletləri yarışların ilk günü ilə müqayisədə daha çox medal – 28 mükafat əldə ediblər. Bunlardan 14-ü qızıl, 8 gümüş, 6-sı isə bürünc olub. Yarışların əvvəlki iki günündə isə Azərbaycan idmançıları üst-üstə 22 medal qazanmışdılar.

Beləliklə, Azərbaycan idmançılarının medalı 50-yə çatıb. Bunlardan 24-ü qızıl, 17-si gümüş, 9-u isə bürünc medallardır.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmisi və bir o qədər də texniki nümayəndə gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.