Avtomobil idxalında canlanma

Maşın bazarı

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı artıb. Həmin dövrdə 1943 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistik bilgilərdə belə deyilir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 201 ədəd və yaxud 11.54 faiz çoxdur.

İdxal edilən avtomobillərin 83.4 faizi (1509) minik avtomobilləridir.

İdxalçıların kim olması bəlli deyil. Çünki Azərbaycanda dövlət və özəl strukturların avtomobil idxalının statistikası aparılmır.

Ekspertlərə görə, artım fərdi şəxslərin avtomobil idxal etməsi ilə bağlı deyil. Dövlət strukturlarının xidməti avtomobilləri əvvəlki rejimdə yenilənir. Digər tərəfdən, dövlətin sərnişin avtobuslarının alışına da diqqəti artırdığı söylənir.

Ötən illə müqayisədə idxal edilən yük avtomobillərinin sayı 152-dən 268-ə yüksəlib.

Ötən il isə əksinə, əvvəlki illərlə müqayisədə avtomobil idxalının 6.7 dəfə azaldığı bildirilirdi.