David McAllister: 'Demokratiya dəyərlərini qorumalıyıq'

David McAllister

“Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyindən (AB) ötrü böyük əhəmiyyət kəsb edir”.

Avropa Parlamentinin (AP) Xarici İşlər Komitəsinin mayın 22-də Bakıya gələcək nümayəndə heyətinin rəhbəri David MakAllister (David McAllister) səfər öncəsi açıqlamasında belə deyib.

Onlar Cənubi Qafqaz regionuna səfər çərçivəsində mayın 22-də Azərbaycanda olacaqlar.

Buna da bax:​ Helsinki Komissiyası: 'Maqnitski qanunu'nu genişləndirmək lazımdır

David MakAllister vurğulayıb ki, həmkarları ilə birgə Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyirlər.

“Bu region Avropa Birliyindən ötrü böyük əhəmiyyət kəsb edib, "Şərq tərəfdaşlığı" siyasətimizin əsas tərəfidir. Əsasən, sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var”, deyən AP rəsmisi insan haqları məsələsinin də əsas diqqət mərkəzində olduğunu vurğulayıb.

“Xüsusilə, demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq. Çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq", o, bildirib.

David MakAllisterin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Azərbaycanda olacaq.

Buna da bax: Avropa Birliyi də Azərbaycanda 5 saytın bağlanmasını pislədi

Nümayəndə heyətinin səfər proqramına prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

2015-ci ildə Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnamə qəbul etməsi tərəflər arasında münasibətlərin pozulmasına səbəb olmuşdu. Həmin qətnamədə demokratik prinsiplər və insan hüquqlarına görə, Azərbaycan hakimiyyəti tənqid edilirdi.

Sənədə həmçinin, Avropa Komissiyası ilə üzv ölkələrə Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə sanksiya, viza qadağası məsələsinə baxmaq tövsiyə edilirdi.

Buna da bax:​ Deripaska AP-ni məhkəməyə verir

Qətnamənin qəbulundan sonra Azərbaycan parlamenti «Avronest»dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar səslənmişdi.

Ancaq 2016-cı il sentyabrın 30-da ölkə parlamenti «Avronest»ə yenidən geri dönməyə qərar verib.

“Avronest” Parlament Assambleyası Avropa Birliyi “Şərq tərəfdaşlığı” təşəbbüsünün parlament komponentidir. Assambleyanın tərkibində Avropa Parlamentindən 60, təşəbbüs iştirakçısı olan dövlətlərin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın hər birindən isə 10 deputat iştirak edir.