İlham Əliyev: ‘Görün, Azərbaycan nə qədər inkişaf edib...’

Respublika Günü münasibətilə keçirilən rəsmi qəbul. 26may2017

“Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir. Cəmi 23 il ərzində – 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, nə qədər güclənib. Görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub”.

Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında belə deyib.

Azərbaycanın xarici siyasət sayəsində böyük uğurlar əldə etdiyini vurğulayan ölkə başçısı bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünə qatılmasından danışıb.

Buna da bax:​ Respublika Günü şərəfinə ziyafət

“ABŞ daha müsəlman ölkələrinə öyüd-nəsihət verməyəcək”

“Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak etdi. Hesab edirəm ki, bu zirvənin çox böyük mənası var. İlk növbədə, təqdirəlayiq haldır ki, Amerika prezidenti cənab Trump öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə etdi. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Amerika prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, ABŞ bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq. Onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır”, deyən ölkə başçısı vurğulayıb ki, “bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq:

“Bizim işimizə qarışma cəhdləri aradan götürüləcək”

Buna da bax:​ Prezident AXC abidəsinə əklil qoydu

İ.Əliyev əlavə edib ki, Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb. Heç vaxt kiminsə gəlib onun işinə qarışmasına imkan verməyəcək.

“İrəvan Ermənistana hədiyyə kimi verilib”

Prezident Dağlıq Qarabağ münaqişəsini də yada salaraq Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayıb. O, Azərbaycan Cümhuriyyətinin qurucularının da mənafeyinə toxunan fikirlər səsləndirib.

“Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıb. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilib. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil”, prezident vurğulayıb.

Buna da bax:​ Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

İ.Əliyev iqtisadiyyatın durumundan danışarkən qeyd edib ki, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Beynəlxalq maliyyə böhranının Azərbaycana da təsir göstərdiyini deyən prezident artıq, ölkə iqtisadiyyatının mövcud vəziyyətə adaptasiya olunduğunu ifadə edib.

“Ölkə iqtisadiyyatına heç bir problem görmürəm”

“Milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıb. Ticarət dövriyyəsi 11, ixrac 41, qeyri-neft ixracı 22, kənd təsərrüfatı ixracı 44 faiz artıb. Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”, prezident deyib.