Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

Bu gün, iyunun 1-i Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının həbsindən verilən şikayətə baxılıb. Bunu qapalı keçirilən prosesdən sonra G.Bayramlının vəkili Zübeydə Sadıqova jurnalistlərə bildirib.

Z.Sadıqovanın deməsinə görə, prosesdə G.Bayramlı ilə bağlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barəsində vəsatət qaldırıb. O, vəsatəti dövlət başçısı İlham Əliyevin cəzanın humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncamla əsaslandırıb:

«Mən bildirdim ki, G.Bayramlı ev dustaqlığına buraxılsa, istintaqdan qaçmayacaq, çağırışlara daim gələcək. Amma Dövlət Sərhəd Xidmətinin müstəntiqləri vəsatəti dəstəkləmədilər və hakim Rauf Əhmədov da istəyimizi geri çevirdi».

Z.Sadıqova Səbail rayon Məhkəməsinin qərarından şikayət verəcəyini söyləyib.

XATIRLATMA

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.