XİN: 'Hüquq məsələsini siyasiləşdirməyin'

Hikmət Hacıyev

“Hüquqi məsələləri siyasiləşdirmək lazım deyil. Belə məsələlərin süni şəkildə siyasiləşdirilməsi yolverilməzdir”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ABŞ Dövlət Departamenti və Avropa Birliyinin AXCP sədrinin müavini Gözəl Bayramlı ilə jurnalist Əfqan Muxtarlının azad edilməsi istəyinin əks olunduğu bəyanatlarını şərh edərkən deyib.

O, xüsusi vurğulayıb ki, müəyyən qüvvələrin Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa düçar olacaq.

Buna da bax:​ Vəkil G.Bayramlı və Ə.Muxtarlı ilə görüşə buraxılmayıb

“Gürcüstan və Azərbaycanın müvafiq qurumları bununla bağlı bəyanat veriblər. Hər iki ölkə dostca siyasət yürüdür və bir-birinin daxili işlərinə qarışmır”, deyə H.Hacıyev qeyd edib.

ABŞ Dövlət Departamenti və Avropa Birliyinin xarici işlər komissarı Federica Mogherini hər iki şəxsin həbsindən narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmilərini G.Bayramlı və Ə.Muxtarlını azad etməyə səsləyiblər.

Xatırlatma

Mayın 25-i axşam saatlarında Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Buna da bax: Birləşmiş Ştatlar Muxtarlı və Bayramlının həbsləri ilə bağlı bəyanat verdi

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

Buna da bax:​ Rəsmi açıqlama: 'Gözəl Bayramlının mənzilindən 1000 avro nağd pul tapılıb'

Ə.Muxtarlı isə mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Buna da bax:​ Əfqan Muxtarlı işi Gürcüstanda gündəmdən düşmür

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.