Bir nardaranlı məhbus azadlığa çıxdı

Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası

Həbsdə olan Nardaran məhbuslarından biri Nuhbala Rəhimli dünən, iyunun 9-u azadlığa çıxıb.

Bu barədə hüquq müdafiəçisi Oktay Gülaliyev məlumat yayıb.

Nuhbala Rəhimli siyasi məhbuslarla bağlı hazirlanan siyahıda yer alırdı. O, 2015-ci ilin dekabrında saxlanmışdı.

Buna da bax:​ Elçin Qasımov: 'Seyid olduğunu nəzərə alıb çox üstünə getmirəm...'

Nardaranda yerləşən qeydiyyatsız Hüseyniyyə məscidinin axundu olan Nuhbala Rəhimli qanunsuz silah saxlamaqda ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

“O, haqq etmədiyi cəzasını tam çəkərək azadlığa çıxdı”, – deyə hüquq müdafiəçisi yazır.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçiləri onların sayının 90-na yaxın olduğunu bildirirlər.

Buna da bax:​ Taleh Bağırovgilin işi ilkin instansiyaya qaytarıldı

Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə də 10 ildən 20 ilədək həbs cəzası verilib.

Buna da bax:​ Nardaranın Şahbazovlar ailəsinin bir üzvünə də hökm oxundu

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.