Prezident həmməruzəçiləri qəbul edib

İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan SchennachCezar Florin Preda-nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri səfər çərçivəsində Bakıda keçirəcəkləri görüşlər barədə dövlət başçısına məlumat verdilər.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər iyunun 12-dən Azərbaycanda görüşlərə başlayıblar. Onlar həmin gün Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, REAL Hərəkatının idarə heyətinin üzvi Natiq Cəfərli və ALP sədri Əvəz Temirxanla görüşüblər. Müxalifət partiyaları ilə görüşdə insan hüquqları, mətbuat azadlığı və siyasi məhbus məsələsinin müzakirə edildiyi bildirilir.

Həmsədrlər habelə bir sıra dövlət rəsmiləri və siyasi məhbus sayılan şəxslərlə görüşməlidirlər. Səfər iyunun 14-də başa çatır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan üzərinə insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa məsələlərlə bağlı öhdəlik götürüb. Götürülən bu öhdəliklərlə bağlı monitorinqlər davam edir.