Nazirlik: 'Muxtarlının səhhətində kəskin vəziyyət aşkar olunmayıb'

Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman

“Hazırda Əfqan Muxtarlının səhhəti kafidir. Gündəlik olaraq onun arterial təzyiqinə və qanda şəkərinə nəzarət olunur, dəstəkləyici təyinatlar davam etdirilir”.

Ədliyyə nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov həbsdəki jurnalistin vəkillərinə göndərdiyi məktubda belə yazıb. Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkilləri bildiriblər.

Ə.Muxtarlının vəkilləri bir neçə dəfə sözügedən quruma müraciət edərək jurnalistin səhhəti ilə bağlı gərəkli addımların atılmasını istəmişdilər.

Buna da bax:​ Vəkil müvəkkili olduğu üç saxlanılandan danışdı

Yalnız şəkərin miqdarının normadan bir qədər yüksək olması aşkar edilib

Ədliyyə nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov jurnalistin təcridxanaya gələrkən tibbi müayinədən keçirildiyini, səhhətində ciddi problem olmadığını qeyd edib.

“Müayinə zamanı o, şəkər diabeti xəstəsi olduğunu, arterial təzyiqini hipotenziv preparatlarla tənzimlədiyini bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji, müayinələrdən keçirilib. Nəticədə onun bədən səthində heç bir xəsarət izləri, o cümlədən hər hansı bir qabırğa sınığı aşkar edilməyib. Aparılan laborator analizlərin nəticəsində yalnız şəkərin miqdarının normadan bir qədər yüksək olduğu aşkar edilib”.

Buna da bax:​ Əfqan Muxtarlının xanımı dinlənildiyini deyir

Xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət aşkar olunmayıb

Tibb Baş İdarəsinin rəis müavini yazır ki, Ə.Muxtarlıya azadlıqda olarkən qəbul etdiyi qanda şəkəri və arterial təzyiqi tənzimləyən dəstəkləyici müalicəni davam etdirməsi məsləhət görülüb.

İftixar Qurbanov əlavə edir ki, təcridxanada olduğu müddətdə Ə.Muxtarlının səhhəti daim həkim nəzarətində olub, səhhəti isə stabil qiymətləndirilib. “Onun xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət, o cümlədən arterial təzyiqin və qanda şəkərin miqdarının kəskin yüksəlməsi halı müşahidə olunmayıb”, - məktubda bildirilir.

Buna da bax:​ Gürcü politoloq: 'Bizim hakimiyyət növbəti dəfə dəvəquşu pozası alıb'

Vəkil: Əfqan Muxtarlı 40 günə 16 kiloqram arıqlayıb

Bir gün əvvəl, iyulun 10-da 1 saylı Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlı ilə görüşən vəkili Elçin Sadıqov isə onun səhhətində ciddi problemlərin yarandığını, həbsdə qaldığı müddət ərzində 16 kiloqram arıqladığını deyir.

Xatırlatma

Əfqan Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalistin sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirir ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Buna da bax:​ Vəkil: 'Muxtarlını döyülməsindən 31 gün sonra tibbi ekspertizadan keçirdilər'

Əfqan Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılığa görə) maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.