'Çudo Peçka'nın sahibi həbs olunub

Sizin brauzer HTML5-i dəstəkləmir

"Çudo Peçka"nın işçiləri etiraz edir

«Çudo Peçka» MMC-nin təsisçisi Çingiz Cəlilov həbs edilib.

Bu barədə Baş Prokurorluğun bu gün, iyulun 26-sı yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, külli miqdarda kredit vəsaitlərini mənimsəmədə ittiham olunan şirkət rəhbəri həbs edilib.

«Müxtəlif şəxslərin adından kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb»,-deyə məlumatda bildirilir.

Baş Prokurorluq vurğulayır ki, «Çudo Peçka» və «ÇP Aqro» MMC-lərin təsisçisi Ç.Cəlilov «Bank Standard» QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Səlim Krimanla əlbir olaraq həmin qurumdan 21 milyon 874 min manat kredit götürüb. Ancaq Müşahidə Şurasının razılığı alınmayıb.

Prokurorluğun məlumatına görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına kredit götürülərkən qoyulan girovun dəyəri şişirdilib. Mətbuat xidmətinin məlumatında iddia olunur ki, Ç.Cəlilov daha sonra restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) planı nəticəsində 13 milyon 962 min manat pul vəsaitini S.Krimanla öz aralarında bölüşdürüb:

«Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub. Çingiz Cəlilov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib».

Baş Prokurorluğun bu açıqlamasına, hələlik, Ç.Cəlilovun vəkilindən və «Bank Standard» QSC-nin İdarə Heyətinin keçmiş sədri S.Krimandan hər hansı münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl «Çudo Peçka» MMC-də çalışan bir qrup işçi kütləvi şəkildə aksiya keçirərək, dövlət qurumlarına şikayətlərini bildirmişdilər. Onlar aylarla əmək haqlarını ala bilmədiklərini söyləyirdilər.