Xarici borc açıqlanıb

Dollar

Bu il iyul ayının 1-də Azərbaycanın xarici dövlət borcu 12 milyard 208.5 milyon manat (7 milyard 172.6 milyon dollar) olub.

Maliyyə Nazirliyinin yaydığı məlumatda belə yazılır.

Nazirlik bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) olan nisbəti 18.9 faiz təşkil edir.

Məlumatda o da vurğulanır ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu, əsasən, beynəlxalq maliyyə institutlarının kredit proqramlarından, infrastruktur layihələrindən və beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Bu il iyulun 1-də bir nəfərə düşən xarici dövlət borcu 1232.1 manat olub.

Bu il dövlətin xarici borcları üzrə 1 milyard 580 milyon 636.323 min manat ödəniş olmalıdır.

BORC 259 MİLYON DOLLAR ARTIB

Yarımildə dövlət borcu 259.4 milyon dollar artıb.

Maliyyə Nazirliyi bundan öncə xarici borcun məbləğini martda açıqlamışdı. Həmin vaxt deyilirdi ki, yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 913.2 milyon ABŞ dolları (12 milyon 241.3 milyon manat) təşkil edir. Manatla isə xarici borcda azalma var (manat bu müddət ərzində möhkəmlənib).

O vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) olan nisbəti 20.4 faiz idi.

Maliyyə Nazirliyi xarici dövlət borcunun detallarını açıqlamır.

Bir çox iqtisadçı ekspertlər Azərbaycanın xarici borcları haqda açıqlanan rəsmi rəqəmlərlə razılaşmırlar. Onlar xarici borcun daha çox olduğunu bildirirlər.