Mehman Əliyevin şikayətinə baxılacaq

Mehman Əliyev həbs olunanda

Bakı Apellyasiya Məhkəməsi «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsindən verilən şikayəti icraata qəbul edib.

Bu haqda onun vəkili Fuad Ağayev bildirib.

Apellyasiya şikayətinə avqustun 30-da baxılacaq.

Buna da bax:​ Müdafiə tərəfi Mehman Əliyevə ittihamlara yazılı cavab verdi

Apellyasiya şikayəti Yasamal Rayon Məhkəməsinin M.Əliyevin noyabr ayının 7-dək həbsdə saxlanmasını nəzərdə tutan qərarından verilib. Şikayətdə M.Əliyevə ittihamların əsassız olduğu, Yasamal Rayon Məhkəməsinin qərarının ləğv edilməsi, onun azadlığa buraxılması istənilir.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Hüseynov ittihamları qəbul etmir.

Buna da bax:​ Əkrəm Əylisli: 'Ziyalı hardadır ki, sən ziyalı axtarırsan?!'

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.