Vəkili: ‘Əfqan Muxtarlının əhvalı yaxşıdır, amma...’

Əfqan Muxtarlı məhkəməyə gətirilərkən

“Əfqan Muxtarlının əhval-ruhiyyəsi yaxşıdır, hər kəsə salamları var. Amma sağlıq durumundakı problemlər, hələ də qalır”.

Bu gün, avqustun 30-da Bakı İstintaq Təcridxanasına jurnalist Əfqan Muxtarlı ilə görüşən vəkili Elçin Sadıqov belə deyib. Vəkil Ə.Muxtarlının sağlıq durumuna qanunvericiliyin tələbləri səviyyəsində nəzarət edilməməsindən narahatlığını ifadə edib.

Buna da bax:​ RSF Əfqan Muxtarlıya azadlıq istəyir

“Ə.Muxtarlı ürəyindəki ağrılardan şikayətlənir. Kəskin ağrıları var. Amma müalicəsi ilə bağlı heç bir addım atılmır. Halbuki, bunun üçün dəfələrlə əlaqəli qurumlara müraciət edilib”, – vəkil deyib.

Onun sözlərinə görə, Ə.Muxtarlının şəkəri te-tez yüksəlir. Bundan başqa qan təzyiqində, ürək döyüntülərində də problemlər var.

Vəkil təcridxana şəraitinin jurnalistin müalicəsindən ötrü uyğun olmadığını ifadə edərək, sabah, avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində Ə.Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə baxılacağını da qeyd edib.

Buna da bax: Əfqan Muxtarlı girov əvəzində azadlığa buraxılmadı

“Nəsimi Rayon Məhkəməsi jurnalist barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimizi rədd etmişdi. Sabah (avqustun 31-i) həmin qərardan verdiyimiz şikayətə baxılacaq”.

Həmin şikayətə hakim Mirpaşa Hüseynovun sədrliyiylə baxılmalıdır.

Bir müddət öncə isə Ə.Muxtarlının cəza çəkdiyi 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi onun səhhəti ilə bağlı vəkillərinə məktub göndərmişdi. Məktubda Ə. Muxtarlının bütün müayinələrdən keçirildiyi, səhhətində ciddi problemin olmadığı vurğulanırdı.

Bununla belə məktubda bildirilirdi ki, müayinə zamanı Əfqan Muxtarlının qanında şəkərin miqdari normadan bir qədər çox müəyyən edilib.

Buna da bax:​ Əfqan Muxtarlının həbs müddətinə etirazı rədd edilib

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Buna da bax:​ Təcridxana rəhbərliyi: “Ə. Muxtarlının qanında şəkərin miqdarı normadan yüksəkdir”

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.