Cəbhəçiyə 30 sutka verildiyi deyilir

Üzeyir Abbasov

Sentyabrın 5-i Bakının Səbail Rayon Məhkəməsində AXCP fəalı Üzeyir Abbasovun 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Ü.Abbasovun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirli bilindiyi deyilir.

AXCP-nin məlumatına görə, fəal sentyabrın 2-də saxlanıb.

«Onun sosial şəbəkələrdə hakimiyyət, xüsusən də prezident əleyhinə olan bir neçə statusu silinib və izahatı alınaraq sərbəst buraxılıb. Hadisədən sonra fəal ABŞ-ın Azərbaycandakı səfirliyinə gedərək, onları bu barədə məlumatlandırıb. Səfirlikdən çıxandan sonra yenidən saxlanılıb», - məlumatda qeyd edilir.

AXCP bildirir ki, Ü.Abbasov sosial şəbəkələrdə ölkə başçısının karikaturasını paylaşıb və bu, onun həbsinə səbəb olub.

Ancaq bu deyilənlərə hələlik nə Daxili İşlər Nazirliyindən, nə də Səbail Rayon Məhkəməsindən münasibət almaq mümkün olub.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların şərlənərək siyasi sifarişlə həbs edildiyini bildirib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyir ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.