Nazir: ‘Oğurluq, soyğunçuluq və quldurluqların açılma faizi yaxşılaşıb’

Ramil Usubov

“Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, əməkdaşların onlarla ünsiyyətdə qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etmələri zəruridir”.

Bu gün, noyabrın 3-ü Daxili İşlər Nazirliyində (DİN) keçirilmiş kollegiya iclasında nazir Ramil Usubov belə deyib.

İclas barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Buna da bax:​ Polis maşınını əzən: 'Bunlar bezdirmişdi məni'

Nazir öncə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinə toxunub. Bu hadisəni ölkə başçısının uzaqgörənliyinin, yüksək təşkilatçılıq və diplomatik bacarığının nəticəsi sayıb.

Buna da bax: Azərbaycanda həkim, müəllim, poçt işçisi olmaq olar, amma... [video]

Ölkədəki kriminogen duruma toxunan nazir cinayətkarlıqla mübarizənin qənaətbəxş olduğunu ifadə edib. Onun sözlərinə görə, bu ilin 9 ayında DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşıb, 85,5 faiz təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin azaldığını bildirib.

Buna da bax:​ 'Yol polisinin danişmaq qadağasından sonrakı vəziyyət' [karikatura]

Nazir vurğulayıb ki, qəsdən adam öldürmə, odlu silahla törədilən cinayətlər, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması və hədə-qorxu ilə tələb etmələr də azalıb.

Onun deməsinə görə, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürmə cəhdlərinin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların və quldurluqların açılma faizi də yaxşılaşıb.

Buna da bax: "O idarə daim işgəncə verməklə məşğuldur"

İclasın sonunda Ramil Usubov daxili işlər orqanları əməkdaşlarının vətəndaşlarla münasibətdə diqqətli olmasının vacibliyindən bəhs edib. Nazir bildirib ki, ərazi polis orqanlarına gətirilən şəxslərə hər hansı formada təzyiq göstərilməsi, kobudluq edilməsi yolverilməzdir.

Nazir belə neqativ əməllərə yol verənlər və asayiş keşikçilərinin nüfuzuna xələl gətirənlərlə bağlı ən sərt tədbirlər görüləcəyini vurğulayıb. O, rəislərdən qəbul işinə nəzarəti gücləndirməyi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqindən ötrü bütün qüvvə və imkanların səfərbər olunmasını tələb edib.

Buna da bax: Mehman Hüseynov: 'Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?'

Xatırlatma

Ancaq bəzi ekspertlərin bildirməsinə görə, Azərbaycanda cinayətlərin açılma faizinin yüksək olması heç də daxili işlər orqanlarının peşəkarlığından irəli gəlmir. Onlar iddia edirlər ki, Azərbaycanda bəzi cinayətlər qeydiyyatdan kənar saxlanır. Üstəlik, polis orqanlarında ifadələrin bəzən işgəncə və hədə qorxu yolu ilə alındığı iddia edilir. Hərçənd Daxili İşlər Nazirliyi belə fikirləri təkzib edir.