İflic olmuş nardaranlıyla bağlı ekspertizanın nəticəsi bəllidir

Nardaran. 1 dekabr 2015

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadov haqqında dörd ay öncə məhkəmə tibbi ekspertiza təyin etmişdi. Həmin ekspertizanın nəticəsi məlum olub.

Əməliyyat nəticəsində həbs olunanlar arasında Ə.Bünyadov da vardı. Amma hadisə zamanı güllə yarasından iflic olub, hərəkət qabiliyyətini itirdiyindən, onun işi digər təqsirləndirilənlərdən ayrılmışdı. Özü də bir il Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandıqdan sonra 2016-cı ilin dekabrında ev dustaqlığına buraxılmışdı.

Sonradan Bünyadovun işi Nardaran hadisələrinə görə axtarışda olub, 2017-ci ilin martında saxlanılan Elxan İsgəndərovla birləşdirildi və araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Üstündən yarım ilə yaxın vaxt keçsə də, məhkəmə baş tutmur, çünki təqsirləndirilən şəxslərdən Bünyadov gələ bilmir.

Dekabrın 29-da keçirilən məhkəməyə də gəlməyib, amma teleqram göndərib. Teleqramda yazıb ki, səhhətindəki problemlərlə əlaqədar prosesdə iştirak edə bilmir.

Hakim Əfqan Hacıyev sentyabrın 8-də təyin olunmuş ekspertizanın Ə.Bünyadovla bağlı rəy verdiyini desə də, nədən ibarət olduğunu açıqlamayıb. Hərçənd, E.İsgəndərovun vəkili Fariz Namazlı rəylə tanış olmaq istədiyini bildirib.

Hakim təqsirləndirilən şəxslərdən birinin iştirak etməməsi səbəbindən məhkəməni yanvarın 19-na saxlayıb.

Vəkil F.Namazlı isə bu qərardan narazıdır. Deyir ki, Bünyadov yataqda belə tərpənə bilmir, onun özünün məhkəməyə gəlməsi mümkünsüzdür:

«Artıq neçənci dəfədir ki, məhkəmə eyni səbəbdən təxirə salınır. Belə görünür ki, hakimlər Bünyadovun məhkəməyə gəlməsində israrlıdır. Bu adam isə tərpənə bilmir, necə gələ bilər? Onu gərək xərəyə qoyub gətirsinlər. Prosesin uzanması həm də hüquqlarını müdafiə etdiyim Elxan İsgəndərovun hüquqlarının pozulmasıdır».

Vəkil hesab edir ki, məlum səbəbdən Ə.Bünyadovun işi ayrılmalı, E.İsgəndərovun məhkəməsi keçirilməlidir.

E.İsgəndərova terrorçuluğa, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa ağır ittihamlar verilib. Ə.Bünyadova verilmiş ittihamlar arasında isə bunlarla yanaşı, qəsdən adam öldürmə də var. Söhbət əməliyyat günü baş verən ölümlərdən gedir.

Amma təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu deyirlər.