Rusiya-Gürcüstan birbaşa uçuşlarına qadağa qüvvəyə minir

Rusiyalı turistlərin Gürcüstana axını

İyulun 8-dən Rusiyayla Gürcüstan arasında birbaşa uçuşları qadağan edən fərman qüvvəyə minib. Sənədi Rusiya Prezidenti Vladimir Putin Tbilisidə anti-Rusiya etirazlara cavab olaraq imzalayıb.

Fərmanda Rusiya səyahət agentliklərinə “tövsiyə” olunur ki, qadağa qüvvədə olduğu müddətdə Gürcüstana tur paketlərin satılmasını dayandırsınlar.

Qadağa qüvvəyə minənədək iki ölkə arasında son birbaşa reysi Rusiyanın Aeroflot şirkəti həyata keçirib.

250-300 milyon dollar

Tbilisi Beynəlxalq Aeroportundan iyulun 8-də gecə saatlarında havaya qalxan təyyarə səhər saat 5-də Moskvanın Şeremetyevo Aeroportuna enib.

Kreml qadağanı “müvəqqəti” adlandırsa da, fərmanda onun üçün son tarix qoyulmayıb.

Batumi limanı

Bu səbəbdən fərmanın nə qədər qüvvədə qalacağı, yaxud Gürcüstan iqtisadiyyatına hansı ziyanı vuracağı bəlli deyil.

Təhlilçilərin fikrincə, Gürcüstan bu qadağadan dolayı ilə 250-300 milyon dollar itirə bilər.

Çünki Gürcüstan rusiyalıların sevimli istirahət məkanıdır.

2018-ci ildə Gürcüstana 1,6 milyon rusiyalı turist gedib. 2008-ci ilin bir neçə günlük Rusiya-Gürcüstan müharibəsindən sonra rusiyalı tətilçilər demək olar yoxa çıxmışdılar, sonradan onların sayı sürətlə artmağa başladı.

Gürcüstan Milli Turizm agentliyinin məlumatına görə, ötən il hər bir rusiyalı turist Gürcüstanda ortalama 465 dollar xərcləyib. Ümumilikdə isə Gürcüstan iqtisadiyyatına 720 milyon dollardan çox fayda verib.

Bu, Gürcüstanın turizm sektorunun illik gəlirinin 10 faizi deməkdir.

Gürcüstana uçuşlar həyata keçirən Rusiyanın altı hava şirkəti isə birbaşa uçuşların ləğvindən dolayı biletlərin qaytarılmasından 48 milyon dollar itirə bilər.

Batumi, arxiv fotosu

Səyahət variantları

Ancaq uçuş qadağası rusiyalıların bu Qafqaz ölkəsinə səyahətini mümkünsüz edəcəyi anlamına gəlmir.

Ermənistan, Belarus, Türkiyə, Azərbaycanın hava yolları şirkətləri Gürcüstanda marşrutlar təklif edirlər.

Bundan başqa rusiyalılar Vladiqafqaz şəhərinə uçub oradan Hərbi Gürcüstan Yolu ilə bu ölkəyə gedə bilərlər. 200 kilometrlik bu yol Böyük Qafqaz Dağlarından keçir, Vladiqafqazı Tbilisiyə birləşdirir.

Bundan başqa Yerevan, Bakı və Türkiyənin Trabzon şəhərindən Gürcüstana avtobusların təşkili də Tbilisidə müzakirə olunan variantlardandır.

Putin uçuş qadağasını iyunun 21-də qoyub. Bundan bir gün öncə Tbilisidə etirazlar başlanıb, minlərlə gürcüstanlı rusiyalı deputatın Gürcüstan parlamentində tədbir zamanı spikerin yerində oturmasına etiraz olaraq küçələrə çıxıblar.

Tbilisidə etirazlar o vaxtdan davam edir, 20 iyun gecəsi nümayiş dağıdılan zaman yol verilən zorakılıqlara görə daxili işlər naziri Giorgi Gakharia-nın istefası tələb olunur.