Hökumət müxalifətçilərə görə 100 min avro cərimələnib

AİHM

Bugün, sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 15 şikayət üzrə qərarını elan edib.

Bu barədə Media Hüquqları İnstitutundan bildiriblər.

Məlumata görə, 13 ərizəçi ümumilikdə 15 şikayət verib. Onların müxalif partiya təmsilçiləri və ictimai-siyasi fəallar olduqları bildirilir.

İnstitutdan habelə vurğulanıb ki, onlar, əsasən, 2009-2015-ci illər arasında müxtəlif aksiyalarda saxlayaraq inzibati qaydada cəzalandırılıblar: «AİHM yekun qərarında hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarına müdaxilə edilib. Qərara əsasən, dövlət ərizəçilərə təzminat ödəməlidir».

Verilən məlumata görə, ərizəçilərdən Elçin Həsənova, Nazim Abbaslıya 9 min, Ruslan Nəsirliyə 14 min, Vüqar Rzayevə 7 min 200, Rasim Rzayevə 7 min 270, İslam Həsənova 5 min 750, Mübariz Əbdülkərimova 5 min 750, Rauf Əbdülrəhmanlı və Əli Abdullayevə 5 min 500, Rafiq Cəlilova 9 min 200, Türkel Alışova 11 min, Saqif Qurbanova da 11 min avro təzminat ödənilməlidir.

Məlumata görə, ərizəçilərdən yalnız Fuad Hacıyevə təzminat ödənilməyəcək, İnstitutdan qeyd edildiyinə görə, AİHM onun birləşmək hüququnun pozuntusunu tanıyıb, ancaq ərizəçi tərəfə maddi tələb irəli sürməyib.

Qərarlara, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Ancaq rəsmilər, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bəyan edirlər.

AXCP rəsmisi: «Mitinqlə bağlı şikayət vermişdik»

«Biz konkret olaraq 2015-ci il aprelin 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçirdiyi mitinqlə bağlı saxlandığımız üçün şikayət vermişik».

Bunu Avropa İnsan Haqları Məhkəməsinin bu il sentyabrın 5-də Azərbaycanla bağlı açıqladığı qərar barədə danışan AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanov bildirib.

«Mən «biz» deyəndə, özümü, AXCP-dən olan, adı qərarda keçən Ruslan Nəsirlini və Türkel Alışovu nəzərdə tuturam. Məni mitinqdən bir gün öncə saxladılar, daha sonra məhkəməyə apardılar, 25 sutka inzibati cəza aldım. Mitinqdən bir gün sonra, yəni, aprelin 6-da Ruslan Nəsirli və Türkel Alışov saxlandı, müvafiq olaraq 25 və 20 gün inzibati cəza aldılar», - S.Qurbanov bildirib.

S.Qurbanov deyir ki, inzibati cəza başa çatıqdan sonra AİHM-ə şikayət ərizəsi ünvanlayıblar.

4 il əvvəl, aprelin 5-də AXCP-nin daxil olduğu Milli Şura Bakı şəhər rəhbərliyi ilə razılaşdırılmış aksiya keçirib. Aksiya manatın məzənnəsinin kəskin endirilməsinə və qiymət artımına etiraz olaraq təşkil edilmişdi. Həmin aksiyadan az öncə - fevral ayında Azərbaycanda ilk devalvasiya baş vermişdi. 1 dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlmişdi.