Yoluxmada yenə artım var

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı, Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 30050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahdan qeyd edildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7296, ötən müddət ərzində isə ümumilikdə 683548 test aparılıb.

Bu həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır. Son günlər Azərbaycanda koronavirusa gündəlik yoluxmada azalma müşahidə edilirdi.Gündəlik yoluxma 500-lərdən 300-lərə düşmüşdü.

Ölkədə martın 24-də karantin rejimi hökm sürür.İyunun 21-də isə Bakı və bir çox bölgələrdə karantin sərtləşdirilib.Fəaliyyətinə icazə verilən xidmət və işlərdə çalışanlardan başqaları küçəyə çıxanda SMS-lə icazə almalıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 16 milyon 245 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 649 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb