Prezident: 'Özlərini ağa kimi, xan kimi aparırlar'

İ.Əliyev

"Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar".

Bunu avqustun 24-də Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra başçılarını videoformatda qəbul edən prezident İlham Əliyev söyləyib.

Dövlət başçısının vurğulamasına görə, əfsuslar olsun ki, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər:

Buna da bax: İki rayona icra başçısı təyin edilib

"Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin...".

Prezident: 'Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir'

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

Buna da bax: İcra başçısının həbsinə Kürdəmir sakinlərinin reaksiyası

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı videoqəbuldakı çıxışında deyib ki, ilk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır.

Prezidentin deməsinə görə, insanları narahat edən problemlər öz həllini tapmalıdır: "Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud olan problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz...".

Prezident çıxışında sahibkarlardan da danışıb: "Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir".

Buna da bax: Başçılar təyin edilsin, seçilsin, yoxsa...?

Dövlət başçısı habelə, korrupsiya ilə mübarizədən də danışıb: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram".

Xatırlatma

Amma Azərbaycanda bir sıra müxalif partiyaların təmsilçiləri və fəallar ölkədə korrupsiya ilə mübarizəni heç də yetərli saymırlar. Onlar hesab edirlər ki, Azərbaycanda reallıqda korrupsiya ilə mübarizə aparılmır, onun imitasiyası yaradılır.