Tofiq Yaqublu ilə bağlı Avropa Məhkəməsinə müraciət edilib

Tofiq Yaqublu, 16 oktyabr 2010

Hazırda həbsdə olan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəkilləri Avorpa İnsan Haqları Məhkəməsinə (AİHM) ərizə ilə müraciət ediblər.

Bu barədə vəkil Aqil Layıc məlumat verib:

“Müracətimiz də ondan ibarət idi ki, T. Yaqublu modern bir hospitala köçürülsin. Çünki keçirdiyi aclıq aksiyası nəticəsində klinki koma vəziyyətinə düşə bilməsi ehtimalı böyükdür. Hətta bir dəfə, sentyabrın 10-da T.Yaqublu bayılıb ”.

Vəkilin sözlərinə görə, hazırda T.Yaqubluda hərəkət məhdudiyyəti yaranıb, müəssisədə əməkdaşların yardmı ilə yeriyir. A.Layıcovun deməsinə görə, Azərbaycan dövləti də Avropa İnsan Hüquqları Məhkəməsinə cavab yazıb. Onun qeyd etməsinə görə, cavabda qeyd edilib ki, T.Yaqublu aclıq aksiyasına sentyabrın 7-dən başlayıb. T.Yaqublunun qızı, Nigar Həzi isə deyir ki, atası sentyabrın 2-dən aclıq aksiyasına başlayıb.

Vəkl və Nigar Həzinin bu açıqlamasına,hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Onun prokurorun çıxışından sonra, sentyabrın 2-də aclıq aksiyasına başladığı bildirilir.