Tofiq Yaqublunun işi hökm verən məhkəməyə qaytarıldı

Tofiq Yaqublu

Milli Şuranın və Müsavat partiyasının fəalı, 17 günlük aclıqdan sonra ev dustaqlığına buraxılan Tofiq Yaqublunun işi onun haqqında hökm çıxarmış Nizami Rayon Məhkəməsinə qaytarılıb.

Buna sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.

Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılır.

Sentyabrın 28-də ilkin baxış iclasında Tofiq Yaqublunun vəkilləri Aqil LayıcNemət Kərimli deyiblər ki, onlar hələ də Nizami Rayon Məhkəməsindəki iclasların protokolları ilə tanış olmayıblar. Çünki onlara bunun üçün şərait yaradılmayıb. Vəkillərin daha bir vəsatəti isə Tofiq Yaqublunun telefonu və avtomobilinin qaytarılması haqda olub.

Tofiq Yaqublu özü ilə məhkəməyə simvolik olaraq, burğac (otvyorka) gətirib və hakimlərə deyib:

“Məni “otvyorka” ilə xəsarət yetirməkdə ittiham edirlər. Sizlərin o “otvyorkaya” nə qədər aidiyyətiniz varsa, mənim də aidiyyətim o qədərdir. Bu qədər saxtakarlıq olmaz. Mənim bu cinayət işində yazılanlarla heç bir əlaqəm yoxdur”.

“Əgər o hüquqlar təmin olunmayacaqsa...”

Hakim prosessual qaydaları, təqsirləndirilən şəxsin hüquq və vəzifələrini izah edəndə Tofiq Yaqublu etirazını bildirib. O fikrini əsaslandırarkən vurğulayıb ki, ölkədə məhkəmə, hüquq anlayışları yalnız kağız üzərindədir, reallıqda onların heç biri yoxdur.

“Əgər o hüquqlar təmin olunmayacaqsa, onları elan etməyin nə mənası var? Mənim konstitusion hüquqlarım pozulur, dayandığım yerdə şərlənib həbs olunuramsa, saxta ittihamla haqqımda hökm çıxarılırsa, indi formal olaraq hüquqlarımı xatırlatmaq nəyə lazımdır? Siz də sifarişi yerinə yetirəcəksiz, nə deyəcəklərsə, ona da imza atacaqsınız. Bu gün məhkəmə də, prokuror da... hamısı (prezident) İlham Əliyevdir. Bütün qərarları o verir”, – Tofiq Yaqublu belə deyib.

Məhkəmə Tofiq Yaqublunun telefon və avtomobilin qaytarılması barədə vəsatəti təmin etməyib. Nizami rayon Məhkəməsinin hökmündə yazılıb ki, bu əmlaklar hökm qüvvəyə minəndən sonra Tofiq Yaqublunun ailə üzvlərinə qaytarılsın. Hökm isə apellyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minəcək.

Məhkəmə iclas protokolları ilə tanışlığa gəlincə, bu məsələdə vəkillərin etirazı qəbul olunub. Buna görə də iş Nizami Rayon Məhkəməsinə qaytarılıb. Orada işə baxmış hakim protokollarla bağlı məsələyə aydınlıq gətirməlidir. Bundan sonra apellyasiya şikayətinə baxılacaq.

Bu səbəbdən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulmuşdu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını da dayandırıb.